“Barselona”nın Şimali Kiprdə təlim-məşq keçməyə hazırlaşması qalmaqala səbəb olub

27 Avqust 2026 17:47
67
“Barselona”nın Şimali Kiprdə təlim-məşq keçməyə hazırlaşması qalmaqala səbəb olub

İspaniyanın “Barselona” klubunun futbol akademiyası - “Barça Academy” sentyabr ayında Şimali Kiprdə iki təlim-məşq keçməyi planlaşdırır. Lakin bu qərar yunan-kipr tərəfinin kəskin reaksiyasına səbəb olub. Hətta ifrat sağçı ELAM partiyası tədbirin ləğv edilməsini tələb edib.

İdman.Biz xəbər verir ki, “Barça Academy”nin rəsmi saytında tədbir “Lefkosa Camp” adı ilə təqdim olunub.

Keçiriləcəyi məkan isə “Near East University, Lefkosa, Northern Cyprus” - Şimali Kiprin Lefkoşa şəhərində yerləşən Yaxın Şərq Universiteti kimi göstərilib. Düşərgələrin sentyabrın 7-11-i və 16-20-si tarixlərində keçirilməsi planlaşdırılır.

Proqrama yaş qruplarına bölünmüş üç gündəlik məşq qrupu daxildir. Təlimlərdə 6-18 yaş arası futbolçular iştirak edə biləcəklər. Məşqləri İspaniyadan gələcək mütəxəssislər “Barselona”nın metodikası əsasında keçirəcəklər. Proqram çərçivəsində texniki və fiziki hazırlıq, komanda işi, eləcə də klubun futbolçu hazırlığı sisteminin digər prinsiplərinə diqqət yetiriləcək.

Yunan-kipr tərəfinin narazılığına xüsusilə “Barselona”nın rəsmi saytında “Northern Cyprus” – “Şimali Kipr” ifadəsindən istifadə etməsi səbəb olub.

ELAM İspaniya hökumətini və Kipr Respublikasının Xarici İşlər Nazirliyini məsələyə müdaxilə etməyə və düşərgənin ləğvinə nail olmağa çağırıb. Partiya həmçinin adanın şimalında beynəlxalq musiqi festivalı “Zamna”nın keçirilməsinə qarşı çıxıb.

Bildirilib ki, Kipr Futbol Assosiasiyası düşərgənin keçirilməsi məsələsini və onun qüvvədə olan futbol qaydalarına uyğunluğunu araşdırır. Türkiyə mediasında isə yunan-kipr tərəfinin UEFA səviyyəsində müəyyən addımlar atdığı barədə məlumatlar yayılıb.

Şimali Kipr Türk Respublikasının baş naziri Ünal Üstel tədbirin ləğvinə nail olmaq cəhdlərini pisləyib. Onun sözlərinə görə, bu cür addımlar Kipr türklərinin beynəlxalq ictimaiyyətlə əlaqələrinə mane olur və adada etimadın möhkəmlənməsinə xidmət etmir.

Yaxın Şərq Universitetinin nümayəndəsi Özer Turan isə düşərgənin siyasi deyil, idman tədbiri olduğunu və mənşəyindən asılı olmayaraq bütün iştirakçılar üçün açıq olduğunu vurğulayıb. Onun sözlərinə görə, proqramın keçirilməsi ilə bağlı hazırlıq işləri plana uyğun davam edir.

“Barselona” da hazırda düşərgənin rəsmi səhifəsində keçirilmə məkanını “Lefkosa, Northern Cyprus” kimi göstərməkdə davam edir.

İdman.Biz