Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç “Fənərbağça”dan ayrılaraq “Barselona”ya qoşulub.
İdman.Biz xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Livakoviç müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədə olacaq.

Dominik Livakoviç Futbolçu karyerasına “Zadar” və “Zaqreb”in aşağı yaş qruplarında başlayıb. 2012/2013 mövsümündə Xorvatiyanın Birinci Liqasında “Zaqreb”in əsas komandasında debüt edən Livakoviç burada 4 mövsüm keçirib. 2016/2017 mövsümündə isə “Dinamo” Zaqreblə müqavilə imzalayıb.
Livakoviç Zaqreb klubunda 7 mövsüm çıxış edib. Bu müddətdə 295 matçda meydana çıxan qapıçı 249 qol buraxıb, 137 oyunda qapısını toxunulmaz saxlayıb və 7 dəfə ölkə çempionu olub.
Onun uğurlu çıxışı 2023-cü ilin yayında Türkiyənin “Fənərbağça” klubuna keçməsinə səbəb olub. İstanbul təmsilçisinin heyətində 2 mövsüm ərzində 74 oyun keçirən Livakoviç 24 qarşılaşmada qapısında qol görməyib.
2025-ci ilin yayında xorvatiyalı qapıçı icarə əsasında “Jirona”ya keçib. Lakin burada heç bir matçda meydana çıxmayıb. Qış transfer pəncərəsində isə icarə əsasında yenidən “Dinamo” Zaqrebə qayıdıb.
Livakoviç bu müddətdə 15 oyunda iştirak edib, cəmi 10 qol buraxıb və 8 matçda qapısını toxunulmaz saxlayıb. Onun çıxışı “Dinamo”nun ölkə çempionluğunu qazanmasına kömək edib.
Məlumat üçün əlavə edək ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli ilə Dominik Livakoviç 2022/2023 mövsümündə eyni klubda çıxış ediblər. Hər iki futbolçu “Dinamo Zaqreb”in uğurları üçün çalışıblar.
