İlham Əliyev “Sabah”ı Çempionlar Liqasına yüksəlməsi münasibətilə təbrik etdi - FOTO

26 Avqust 2026 11:02
137
İlham Əliyev “Sabah”ı Çempionlar Liqasına yüksəlməsi münasibətilə təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə təbrik edib.

İdman.Biz xəbər verir ki, bu barədə Prezidentin “X” hesabında paylaşım edilib.

“Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir. “Sabah” klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, “Sabah” İsrailin “Hapoel Beer-Şeva” klubu ilə dramatik keçən Çempionlar Liqasının pley-off mərhələsindəki mübarizədən sonra turnirin liqa mərhələsinə vəsiqə qazanıb. İlk oyunda 1:2 hesabı ilə məğlub olan Azərbaycan çempionu Bakıda keçirilən cavab görüşündə möhtəşəm geridönüşə imza ataraq əlavə vaxtda 5:2 hesabı ilə qalib gəlib. Bununla da “Sabah” iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə mərhələni keçib.

“Sabah” klub tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparacaq.

İdman.Biz