“Sabah”la UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin pley-off mərhələsində keçiriləcək cavab oyunundan əvvəl “Hapoel” (Beer-Şeva) azarkeşləri Bakıda təşkilatlanmış yürüş keçirməyi planlaşdırırlar.
İdman.Biz İsrailin “Ynet” nəşrinə istinadən xəbər verir ki, fanatlar qarşılaşmadan əvvəl bir araya gələcək, daha sonra isə şəhər ərazisində qrup şəklində yürüş edəcəklər.
“Ynet”in Bakıda olan müxbiri Şay Moqilevskinin məlumatına görə, ümumilikdə İsrail klubunun təxminən 600 azarkeşinin matçda iştirakı gözlənilir. Onlardan 100-ə yaxını komanda ilə birlikdə Azərbaycanın paytaxtına gəlib. Digər fanatların isə daha sonra Bakıya çatacağı bildirilir.
Qeyd edək ki, “Hapoel” nümayəndə heyəti Bakıya gəldikdən sonra İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb. Bundan əlavə, oyun günü İsrail klubunun azarkeşləri üçün gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görülməsi razılaşdırılıb.
Xatırladaq ki, “Sabah” - “Hapoel” arasında cavab görüşü avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Buxarestdə keçirilən ilk oyunda İsrail klubu 2:1 hesabı ilə qalib gəlib.
