“Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Hapoel” (Beer-Şeva) komandası ilə səfər görüşündə buraxdığı qollar müdafiədəki diqqətsizlikdən irəli gəlib.
Bunu AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.
Mütəxəssis Valdas Dambrauskasın rəhbərliyi altında komandanın səhvlərdən nəticə çıxararaq cavab matçına tam hazır olacağını vurğulayıb.
“Sabah” ilk oyunda məğlub olsa da, mərhələ adlamaq şansını qoruyur. Valdas Dambrauskasın bir həftə ərzində nöqsanları aradan qaldıraraq azarkeşlər önünə mükəmməl hazırlaşmış komanda çıxaracağına və tarixində ən böyük ilkə imza atmaqla UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacağına inanıram. Dünənki qarşılaşmada göründü ki, “Sabah” rəqibin topla yaxşı davrandığını bildiyi üçün düzgün oyun planı seçib. Təəssüf ki, komanda 1:0 hesabı ilə öndə olarkən ikinci qolu vurmaq imkanlarından yararlana bilmədi”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
Azərbaycan millisinin sabiq baş məşqçisi qolların diqqətsizlikdən buraxıldığını bildirib:
“Duran toplar”dan və lazımsız qarışıqlıqdan buraxılan qollar müdafiədəki xətalardan irəli gəldi. Bu, Azərbaycan futbolunun ümumi çatışmazlığıdır. Hətta deyərdim ki, rəqib təsadüfən qol vurmuşdu. Lakin bu nöqsanları aradan qaldırmaq mümkündür. Heç kim deyə bilməz ki, cavab oyunu rahat keçəcək. Artıqlaması ilə güc sərf etmək lazım olacaq. “Sabah”ın üstünlüyü ondadır ki, çox istəkli və intizamlı kollektivdir. Futbolçular baş məşqçinin tapşırıqlarını meydanda yerinə yetirməyi bacarırlar. Cavab qarşılaşmasında futbolçuların lazımi nəticəni qazanaraq yola davam edəcəklərinə əminəm”.
Qeyd edək ki, “Sabah” pley-off mərhələsinin ilk matçında səfərdə İsrail təmsilçisinə 1:2 hesabı ilə məğlub olub. Tərəflər arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
