“Hapoel” - “Sabah”: Dambrauskas Kojuxa qarşı - İDMAN.BİZ-in TƏHLİLİ

19 Avqust 2026 16:55
129
“Hapoel” - “Sabah”: Dambrauskas Kojuxa qarşı - İDMAN.BİZ-in TƏHLİLİ

Bu gün Azərbaycanın “Sabah” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsrailin Beer-Şeva şəhərini təmsil edən “Hapoel”lə qarşılaşacaq. Buxarestdə Liqa mərhələsinə tarixi vəsiqə ilə yanaşı, daha bir maraqlı süjet də ön plana çıxacaq: karyeralarının ən vacib oyunlarından birinə tamamilə fərqli yollarla gəlib çatan iki baş məşqçinin dueli.

İdman.Biz xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da “Quleşti” stadionunda başlayacaq. “Hapoel” UEFA-nın İsraildə beynəlxalq oyunların keçirilməsi ilə bağlı qüvvədə qalan məhdudiyyətləri səbəbindən ev matçını Rumıniyada keçirəcək. Cavab görüşü avqustun 25-də saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Valdas Dambrauskas və Ran Kojux heç vaxt futbol ulduzu olmayıblar. Litvalı ümumiyyətlə peşəkar səviyyədə oynamayıb. İsrailli isə sağ cinah müdafiəçisi mövqeyində uzun karyera yaşasa da, bunun böyük hissəsi aparıcı klublardan uzaqda keçib. İndi onlardan biri komandasını ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə çıxaracaq.

Dambrauskas: London kurslarından Bakının qızıl mövsümünədək

Dambrauskas futbolçu kimi böyük stadionlara çıxa bilməyəcəyini kifayət qədər erkən anlayıb. O, 25 yaşında İngiltərəyə köçüb, London Metropoliten Universitetində idman elmləri və məşqçilik üzrə təhsil alıb, UEFA B lisenziyası əldə edib. Litvalı mütəxəssis “Fulhem”, “Mançester Yunayted” və “Brentford”un gənclər strukturlarında çalışıb.

Onun böyüklərdən ibarət ilk komandası aşağı liqalarda mübarizə aparan “Kinqsburi London Tayqers” olub. Daha sonra Litvanın aşağı yaş qrupları üzrə yığmaları, “Ekranas”, “Jalgiris”, RFS, Xorvatiyanın “Qoritsa” klubu, “Ludoqorets”, “Hayduk”, OFİ, “Omoniya”, Macarıstanın DVTK komandası və nəhayət, “Sabah” gəlib. Dambrauskas Litva, Latviya, Bolqarıstan, Xorvatiya və Azərbaycanda titullar qazanıb.

Litvalının əsas özəlliyi konkret bir sxemə bağlılıq deyil, matç ərzində oyunu dəyişmək istəyidir. Hələ “Jalgiris”də işlədiyi dövrdə o deyirdi ki, ideal komanda bir qarşılaşma ərzində oyun üslubunu üç dəfə dəyişməyi bacarmalıdır. Dambrauskas öz futbol fəlsəfəsini memarlıqdakı eklektika ilə — müxtəlif məktəblərin ən yaxşı elementlərinin birləşdirilməsi ilə müqayisə edirdi.

O, Amerika futbolu üzrə məşqçi Bill Uolşun və NBA əfsanəsi Fil Ceksonun kitablarını oxuyur, Pep Qvardiolanın ideyaları ilə maraqlanır və futbolçulardan tapşırıqları mexaniki şəkildə yerinə yetirməyi deyil, meydanda baş verənləri anlamağı tələb edir. Dambrauskas üçün ideal oyunçu mütləq ən sürətli və ya ən texnikalı futbolçu deyil. O, mövqeyini dəyişə, boş zonanı görə və qərarını müstəqil şəkildə korrektə edə bilən oyunçulara üstünlük verir.

“Sabah”da bu fəlsəfənin oturuşması üçün lazım olan vaxt oldu. Dambrauskas ilk mövsümündə Azərbaycan çempionluğunu və ölkə kubokunu qazandı, komandanın məğlubiyyətsiz seriyası isə 33 oyuna çatdı. Cari təsnifat mərhələsində “Orhus”la cavab görüşü xüsusilə diqqət çəkdi. Danimarkadakı 1:2 hesablı məğlubiyyətdən sonra bakılılar ilk hissəni qolsuz başa vurdular, fasilədən sonra isə rəqib qapısından dörd cavabsız top keçirdilər.

Dambrauskasın əsas üstünlüyü komanda strukturunu pozmadan matçın ssenarisini dəyişə bilməsidir. Bu futbolun əks tərəfi isə onun mürəkkəbliyidir. Çoxsaylı taktiki dəyişikliklər futbolçulardan yüksək oyun intellekti tələb edir. Əlaqələr alınmadıqda variasiyalı futbol artıq ötürmələrə, topun ləng irəli daşınmasına və itkilər zamanı boş zonaların yaranmasına gətirib çıxara bilər.

Kojux: futboldan gedib sığortaçı olmağa az qalmış məşqçi

Ran Kojuxun hekayəsi daha gözlənilməzdir. “Makkabi Netanya”nın yetirməsi istedadlı futbolçu sayılsa da, ulduza çevrilə bilməyib. O, tez-tez klub dəyişib, əsasən təvazökar komandalarda çıxış edib və karyerasını aşağı liqalarda başa vurub.

Futboldan sonra Kojux sığorta agenti kimi işləməyə başlayıb və yeni sahədə kifayət qədər uğurla irəliləyib. Hər şeyi keçmiş komanda yoldaşı Beni Ben-Zakenin zəngi dəyişib. O, Kojuxa “Bney Saxnin”də köməkçisi olmağı təklif edib. Daha sonra “Hapoel Petah-Tikva”, “Hapoel Hadera”, “İroni Kiryat-Şmona” və “Makkabi Netanya”da fəaliyyət göstərib.

Kojux müstəqil məşqçilik karyerasına yalnız 2022-ci ilin noyabrında başlayıb. O, “Netanya” ilə Toto Kubokunu qazanıb və İsrail Kubokunun finalına yüksəlib, lakin növbəti mövsümdə cəmi on turdan sonra istefaya göndərilib. “Makkabi Petah-Tikva” ona yeni şans verib və bir neçə ay sonra mütəxəssis finalda məhz “Hapoel Beer-Şeva”nı məğlub edərək ölkə kubokuna sahib çıxıb.

Üç gün sonra Beer-Şeva klubu Kojuxu baş məşqçi təyin edib. O, “Hapoel”in müasir tarixinin ən vacib simalarından biri olan Eliniv Bardanı əvəzləməli idi. Azarkeşlər yeni məşqçini soyuq qarşılayıblar. Avrokuboklardan erkən kənarlaşdıqdan sonra isə çempionat başlamamış onun istefasını tələb edənlər ortaya çıxıb.

Kojux geri addım atmayıb. İlk mövsümündə İsrail Kubokunu qazanıb və yalnız dramatik sonluqda çempionluğu Təl-Əviv “Makkabi”sinə uduzub. Bir il sonra “Hapoel” artıq 2018-ci ildən bəri ilk dəfə ölkə çempionu olub. Kojux baş məşqçi kimi cəmi üç il yarım ərzində beş titul qazanıb.

Onunla işləyənlər Kojuxu xarakterizə edərkən ən çox “cəsarət” sözündən istifadə edirlər. “Makkabi Petah-Tikva”nın keçmiş idman direktoru Tal Ben-Haim bildirib ki, Kojuxun məşqləri son dərəcə yüksək tempdə keçir. Futbolçunun yaşı, adı və əvvəlki xidmətləri isə heç bir əhəmiyyət daşımır. Oyunçu məşqlərdə yaxşı çalışmır və tapşırıqları yerinə yetirmirsə, meydana çıxmır.

Kojuxun futbolu intensivlik üzərində qurulub. “Yüksək pressinq bizi fərqləndirən xüsusiyyətdir. Biz sadəcə başqa cür oynamağı bacarmırıq”, — deyə o, “Srvena Zvezda” üzərində ilk qələbədən sonra bildirmişdi. Cavab görüşündə israillilər Serbiya çempionunu yenidən boş zonalardan məhrum etdilər, 2:0 hesabı ilə qalib gəldilər və mərhələni ümumi 3:0 hesabı ilə adladılar.

Ancaq həmin pressinq komandanın potensial zəifliyidir. Bu oyun mükəmməl sinxronluq tələb edir və ilk təzyiq xəttinin arxasında boşluqlar yaradır. Kojuxun “Hapoel”dəki ilk dövrlərində komanda buna görə ağır cəza almışdı. “Mlada-Boleslav”la avrokubok matçında 2:0 önə keçən Beer-Şeva təmsilçisi sonda 2:4 hesabı ilə uduzmuş və görüşü üç qırmızı vərəqə ilə tamamlamışdı. İndi komanda daha yetkin görünür. O, yalnız hücum etməyi deyil, baş məşqçinin ifadəsi ilə desək, “əziyyətdən zövq almağı” da öyrənib.

Rəqibi öz prinsiplərindən kim döndərəcək?

Dambrauskas oyun ərəfəsində bir-birinə çox bənzəyən iki komandanın qarşılaşacağını bildirib. Onun sözlərinə görə, hər iki tərəf pressinq etmək, topa nəzarət göstərmək və dominant oynamaq istəyir, əvvəlcə hücum, sonra müdafiə haqqında düşünür. Kojux isə “Sabah”ı sürətli və yaxşı hazırlanmış, keçid hücumlarında və standart vəziyyətlərdə rəqibi cəzalandırmağı bacaran komanda adlandırıb.

Buna görə əsas mübarizə topa ümumi nəzarət faizi uğrunda deyil, “Sabah”ın ilk ötürməni nə dərəcədə rahat etməsi ətrafında gedəcək. Bakılılar ilkin təzyiqi keçə bilsələr, Mikels, Simiç, Severina və hücuma qoşulan cinah müdafiəçiləri üçün boş zonalar yaranacaq. “Hapoel” qonaqları öz cərimə meydanları yaxınlığında top itirməyə məcbur etsə, israillilərin mövqe müdafiəsini uzun-uzadı yarmağa ehtiyacı qalmayacaq.

Məşqçilərin güclü tərəfləri eyni zamanda onların zəif nöqtələridir. Dambrauskasın variasiyalı oyunu bəzən futbolu həddindən artıq mürəkkəbləşdirə, Kojuxun intensivliyi isə tələskənliyə çevrilə bilər. Litvalı adətən oyunun şəklini dəyişir, israilli isə seçdiyi sistemin səsini daha da yüksəltməyə üstünlük verir.

Neytral meydan “Hapoel”i “Turner” stadionunun atmosferindən məhrum edir, cavab görüşü isə Bakıda keçiriləcək. Buna görə Kojux komandasını həddindən artıq açmadan üstünlük qazanmalıdır. Dambrauskasın əsas vəzifəsi ilkin təzyiqə dözmək və iki oyunluq mübarizəni nəzarətdə saxlamaqdır.

Dambrauskas futbolçularının pressinq onlara çatmamış düşünməsini istəyir. Kojux isə onların düşünməyə vaxt tapmamasına çalışacaq. Bəlkə də bugünkü matçın əsas cavabı məhz bu fərqin içində gizlənib.

İdman.Biz
Məqalədə: