“Neftçi”nin transfer etmək istədiyi “Botoşani”nin rumıniyalı futbolçusu Sebastian Maylatın Azərbaycana keçidi baş tutmayıb.
İdman.Biz Rumıniyanın “Digi Sport” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun “Neftçi”yə keçidi ilə bağlı klublar artıq razılığa gəlmişdilər. Azərbaycan təmsilçisinin Maylat üçün 400 min avro ödəməyə hazır olduğu və transferin həyata keçməsinin yalnız futbolçunun qərarından asılı qaldığı qeyd olunurdu.
Lakin sonradan vəziyyət dəyişib. “Botoşani”nin prezidenti Valeriu İftime Maylatın Azərbaycana getməyəcəyini və klubda qalaraq yeni müqavilə imzalamaq istədiyini açıqlayıb.
“Azərbaycandan olan təklif bağlandı. Bizimlə müzakirə edilən yaxşı təklif idi. Bildiyimə görə, məsələ bir neçə istiqamətdə müzakirə olunub və düşünürəm ki, onlar başqa futbolçuya üstünlük veriblər. Maylatın başqa təklifi də var idi, amma o, "Botoşani"də qalmaq və rahat olmaq istədiyini bildirdi”, - İftime deyib.
Klub rəhbərinin sözlərinə görə, Maylat “Botoşani” ilə yeni müqavilə imzalamaq niyyətindədir. İftime anlaşmanın 1 və ya 2 illik ola biləcəyini bildirib.
Maraqlıdır ki, Maylat “FCSB” ilə oyundan sonra verdiyi açıqlamada “Neftçi” ilə danışıqların getdiyini təsdiqləyib.
“Söhbət “Neftçi” ilə danışıqlardan gedir. Bəzi detallar qalıb və bu həftə hər şeyin dəqiqləşəcəyini düşünürəm. Klublar razılığa gəlib, qərar mənimdir. Hələ əşyalarımı yığmamışam”, - deyə futbolçu qeyd etmişdi.
Maylat daha əvvəl “Poli Timişoara”, “ÇFR Kluj”, “Qaz Metan”, “U Kluj”, “Voluntari” və “Sepsi”nin formasını geyinib. O, 2024-cü ildə “Botoşani”dən Cənubi Koreyanın “Suvon Bluevings” klubuna transfer olunub. Altı aydan sonra Rumıniyaya qayıdan futbolçu “Sepsi”də çıxış edib və 2025-ci ilin yayında yenidən “Botoşani”yə dönüb.
Qeyd edək ki, Maylat 2025/26 mövsümündə “Botoşani”nin əsas futbolçularından biri olub. O, 40 oyunda 15 qol və beş məhsuldar ötürmə ilə yadda qalıb.
