Türkiyə mətbuatında yayılan xəbərlərə görə, braziliyalı futbol əfsanəsi Roberto Karlos İslamı qəbul edib. 53 yaşlı sabiq müdafiəçinin təxminən dörd həftə əvvəl İslam dinini qəbul etdiyi iddia olunur.
İdman.Biz xəbər verir ki, məşhur Goal.com nəşri Roberto Karlosla bağlı yayılan xəbəri araşdırmaq qərarına gəlib.
Belə ki, Türkiyənin bir neçə nəşri, o cümlədən “Haberler”, bu barədə məlumat yayıb. Bildirilir ki, Roberto Karlos Braziliyanın müsəlman icmasının tanınmış nümayəndələrindən olan şeyx Cihad Həmada ilə görüş zamanı şəhadət gətirərək İslamı seçib.
Əslində nə baş verib?
Yayılan məlumatlara əsasən, Roberto Karlos bir müddət şeyx Cihad Həmada ilə əlaqə saxlayıb. Təxminən dörd həftə əvvəl isə Braziliyada onunla görüşüb.
Görüş zamanı sabiq “Real Madrid” futbolçusunun şəhadət gətirərək İslamı qəbul etdiyi bildirilir.
Lakin Roberto Karlos hələlik bu barədə özü birbaşa açıqlama verməyib. Buna görə də yayılan məlumat hazırda iddia olaraq qalır və futbolçunun rəsmi təsdiqinə ehtiyac var.
İddialar Türkiyənin Ədalət və İnkişaf Partiyasından olan deputat Əli Şahinin paylaşımından sonra daha geniş yayılıb. O, Braziliyanın müsəlman icmasının bir sıra nümayəndələri ilə keçirdiyi görüş barədə məlumat verib.
Əli Şahin “X” hesabında yazıb ki, Braziliyaya səfəri zamanı San-Paulu şəhərində yaşayan şeyx Cihad Həmada ilə Braziliya Müsəlman Gənclərinin Xeyriyyə Birliyində görüşüb. O, Həmadanın müsəlman dünyasının 500 ən nüfuzlu şəxsindən biri olduğunu qeyd edib.
Türkiyəli deputatın sözlərinə görə, şeyx Həmada ona Roberto Karlosun – Braziliya və dünya futbolunun əfsanələrindən, həmçinin “Fənərbağça”nın sabiq futbolçusundan – uzun müddətdir əlaqə saxladığını və təxminən dörd həftə əvvəl onunla görüşdüyünü deyib. İddiaya görə, həmin görüşdə Roberto Karlos şəhadət gətirib və İslamı seçib.
Şahin Roberto Karlosu təbrik edib və ona və ailəsinə “sülh, sağlamlıq və bərəkətlə dolu həyat” arzulayıb.
Araşdırma zamanı o da məlum olub ki, Roberto Karlosun İslamı qəbul etməsi ilə bağlı iddialar onun mərakeşli Suheyla Əl-Təhiri ilə nikah müqaviləsi imzalamasını əks etdirən fotoların sosial şəbəkələrdə yayılmasından sonra gündəmə gəlib.

Daha əvvəl onun Mərakeş əsilli ispaniyalı qadınla evləndiyi barədə məlumatlar yayılmışdı. Əl-Təhiri FIFA lisenziyalı futbolçu agentidir və oyunçuların peşəkar karyeralarının, eləcə də futbolla bağlı müxtəlif layihələrin idarə olunması ilə məşğul olur.
Onların toy mərasimindən fotolar bu il avqustun 17-də yenidən sosial şəbəkələrdə yayılıb. Lakin bu, yeni baş tutmuş evlilik deyil. Cütlüyün nikahı barədə məlumatlar hələ yanvar ayında ortaya çıxıb. Daha sonra onlar iyulun 25-də ailə üzvləri və yaxın dostlarının iştirak etdiyi məhdud sayda mərasim keçiriblər.
Məlumata görə, onların münasibətləri əvvəlcə peşəkar əməkdaşlıq çərçivəsində başlayıb, daha sonra şəxsi münasibətə çevrilib. Cütlük Braziliya və Avropada futbolçuların biznes işlərinin və karyeralarının idarə olunması ilə bağlı bir sıra layihələrdə əməkdaşlığı davam etdirir.
