“Sabah”ın oyunundakı davaya görə saxlanılanlar var - VİDEO

12 Avqust 2026 18:05
112
“Sabah”ın oyunundakı davaya görə saxlanılanlar var - VİDEO

“Sabah” və Danimarkanın “Orhus” futbol komandaları arasında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunundan əvvəl azarkeşlər arasında insident yaşanıb.

İdman.Biz xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”nın yaxınlığında baş verən hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb.

Danimarkanın “Bold” nəşrinin məlumatına görə, “Orhus” rəhbərliyi azarkeşlərinə hücum edildiyini iddia edərək məsələ ilə bağlı UEFA-ya müraciət edib. Klubun direktoru Yakob Nilsen bildirib ki, qarşılaşmadan bir gün əvvəl qonaq azarkeşlərlə yerli fanatların stadionda lazımi şəkildə ayrılmaması ilə bağlı narahatlıqlarını təşkilatçılara çatdırıblar. Danimarka tərəfi bunun UEFA qaydalarına uyğun olmadığını vurğulayıb.

“Orhus”un versiyasına əsasən, komandanın azarkeşləri stadiona çatarkən bir qrup “Sabah” fanatının hücumuna məruz qalıb. Klub hadisə barədə UEFA-ya rəsmi məlumat təqdim edib.

Hadisə şahidləri bildirirlər ki, qarşıdurmaya səbəb qonaq fanatların qıcıqlandırıcı ifadələr işlətməsi olub. "Qafqazinfo" yaranan əlbəyaxa davaya görə saxlanılanların olduğunu bildirir.

Qeyd edək ki, oyun Azərbaycan çempionu “Sabah” ilə Danimarka çempionu “Orhus” komandaları arasında keçirilib və təmsilçimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz