İspaniyanın “Barselona” futbol komandası Ronald Arauxonun “Liverpul”a icarəyə verilməsindən sonra mərkəz müdafiəçisi axtarışına başlayıb. Arauxonun İngiltərə klubuna bir mövsümlük icarəsi və sonradan satınalma opsiyası ilə keçidi barədə razılıq əldə olunub.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, idman direktoru Deko və baş məşqçi Hansi Flikin nəzərdən keçirdiyi variantlardan biri “Atletik”dən Emerik Laportdur. Kataloniya klubunda 32 yaşlı İspaniya millisinin müdafiəçisinin təcrübəsi yüksək qiymətləndirilir.
Hazırda Laportun transferi ilə bağlı rəsmi danışıqlar aparılmır. Amma mediada dolaşan xəbərlərdə “Atletik” rəhbərliyinin Laportun transfer qiymətini 80 milyon avro (156,5 milyon AZN) müəyyənləşdirdiyi bildirilir. “Barselona” isə hələ ki, futbolçunun vəziyyəti ilə maraqlanıb və onun gələcəyini izləməkdə davam edir.
Laportun namizədliyini cəlbedici edən məqamlardan biri onun Pau Kubarsi ilə İspaniya millisindəki uyğunluğudur. Onların 2026-cı il dünya çempionatındakı çıxışı “Barselona” rəhbərliyinin diqqətini çəkib və klub bu tandemi klub səviyyəsində də yaratmaq imkanını nəzərdən keçirir.
Arauxonun gedişi “Barselona”nın müdafiədə seçimlərini azaldıb. Buna görə Deko yay transfer pəncərəsinin qalan hissəsində yeni mərkəz müdafiəçisi üçün bazardakı variantları araşdırır.
