Argentina Futbol Assosiasiyasının (AFA) rəsmi saytında FIFA prezidenti Canni İnfantinoya ünvanlanmış müraciət dərc olunub.
İdman.Biz xəbər verir ki, sənəddə beynəlxalq futbol qurumunun rəhbərinin fəaliyyəti dəstəklənib.
Bəyanatın yayılmasına səbəb çərşənbə günü Rabatda FIFA-nın yüksək vəzifəli rəsmilərinin iştirakı ilə keçirilən növbədənkənar iclas olub. Toplantı “FIFA Forward Enterprise” kommersiya təşəbbüsü ətrafında yaranmış narazılıq fonunda çağırılmışdı. Danışıqlardan sonra təşkilatın ali rəhbərliyi yekdilliklə İnfantinoya dəstəyini ifadə edib. FIFA prezidenti isə öz növbəsində həmin layihə çərçivəsində buraxılmış səhvlərə görə ictimai şəkildə üzr istəyib.
AFA müraciətində İnfantinonun fəaliyyətini yüksək qiymətləndirərək onun siyasətinin iki əsas istiqamətini ön plana çıxarıb: futbolun qlobal miqyasda inkişafı və aydın, dəyişməz, şəffaf idarəetmə prinsiplərinə əsaslanan institusional sabitliyin təmin edilməsi. Bundan əlavə, assosiasiya FIFA-nın mübahisələrə səbəb olmuş kommersiya proqramını dayandırmaq, yol verdiyi nöqsanları etiraf etmək və buna görə üzr istəmək qərarını da alqışlayıb.
Növbəti FIFA Konqresi ərəfəsində Argentina tərəfi qurumun gələcək inkişafının yalnız hazırkı rəhbərliyin qorunub saxlanılması ilə mümkün olduğuna dair qəti mövqeyini ifadə edib. AFA-nın fikrincə, bu, futbolun daha da inkişaf etdirilməsinə, onun bütün iştirakçılar üçün daha əlçatan və açıq olmasına imkan verəcək.
Məlumat üçün əlavə edək ki, Canni İnfantino “FIFA Forward Enterprise” adlı kommersiya layihəsi ilə bağlı qərarlarına görə ciddi tənqid olunur. Layihənin FIFA-nın kommersiya hüquqlarını özəl struktura ötürə biləcəyi və təşkilatın idarəetməsində şəffaflığa xələl gətirəcəyi ilə bağlı narahatlıqlar səbəbindən bir sıra konfederasiyalar və milli assosiasiyalar ona etiraz ediblər.
