“Arsenal” Bruno Gimaraeşin transferini razılaşdırıb

6 Avqust 2026 16:13
89
“Arsenal” Bruno Gimaraeşin transferini razılaşdırıb

İngiltərənin “Arsenal” futbol komandası heyətini braziliyalı yarımmüdafiəçi Bruno Gimaraeşlə gücləndirməyə yaxındır.

İdman.Biz xəbər verir ki, London təmsilçisi 28 yaşlı futbolçunun transferi üçün “Nyukasl”la razılığa gəlib.

“Arsenal” braziliyalıya görə 75 milyon funt sterlinq (171 milyon AZN) ödəyəcək. “Nyukasl” London klubunun ilk təklifini qəbul etməsə də, danışıqların davamında tərəflər ortaq məxrəcə gəliblər.

Gimaraeşə tibbi müayinədən keçmək və transferi tamamlamaq üçün Londona getməyə icazə verilib. Futbolçunun “Arsenal”la şəxsi müqavilə şərtləri üzrə də razılığa gəldiyi bildirilir.

Braziliyalının “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, 2022-ci ilin yanvarında Fransanın “Lion” klubundan İngiltərə təmsilçisinə keçib.

Gimaraeş ötən mövsüm “Nyukasl”ın ən yaxşı futbolçusu seçilib. Yarımmüdafiəçi komandanın kapitanı kimi əsas oyunçulardan biri olub.

Qeyd edək ki, futbolçunun keçmiş klubu “Lion” transferdən “Nyukasl”ın əldə edəcəyi gəlirin müəyyən hissəsini alacaq.

İdman.Biz