Xristo Yanev: “Qarabağ”ın oyun üslubunu yaxşı təhlil etmişik”

29 İyul 2026 13:44
119
Xristo Yanev: “Qarabağ”ın oyun üslubunu yaxşı təhlil etmişik”

“CSKA Sofia” futbol klubunun baş məşqçisi Xristo Yanev UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, bolqarıstanlı mütəxəssis bu barədə qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında danışıb.

Yanev ilk oyunda göstərdikləri performansı təkrarlamaq və növbəti mərhələyə yüksəlmək üçün daha keyfiyyətli çıxış etməli olduqlarını bildirib:

“İlk oyunda etmək istədiklərimizi bu dəfə də həyata keçirmək istəyirik. “Qarabağ” çox ciddi rəqibdir və öz meydanında oynamağı sevir. Onların oyun üslubunu yaxşı təhlil etmişik və buna ən yaxşı şəkildə cavab verməyə çalışacağıq”.

Baş məşqçi mərhələ adlamaq üçün qol imkanlarından maksimum yararlanmalı olduqlarını vurğulayıb:

“Növbəti mərhələyə yüksəlmək üçün ilk matçdakı çıxışımıza əlavə keyfiyyət qatmalı, qol vurmalı və yaranacaq imkanlardan maksimum istifadə etməliyik”.

Yanev komandasının yalnız müdafiə futbolu nümayiş etdirməyəcəyini qeyd edib:

“Heç vaxt komandamın yalnız müdafiə olunmasını istəməmişəm. Məqsədimiz böyük səhnədə çıxış etmək və Bolqarıstanı güclü rəqiblərə qarşı layiqincə təmsil etməkdir. Öz güclü tərəflərimiz də var. Futbolçularımız topa sahib olduğumuz anlarda rəqibin buraxdığı boşluqlardan istifadə etməyə çalışmalıdırlar”.

“CSKA Sofia”nın baş məşqçisi komandanın son vaxtlar qeyri-sabit çıxışı ilə bağlı da danışıb. O, inkişafın zaman tələb etdiyini bildirib:

“Biz də daxilən özümüzəinamın artdığını hiss edirik. Amma bu, komandanın düzgün istiqamətdə inkişaf etməsi ilə bağlıdır. Bilirəm ki, Bolqarıstanda bu cür proseslər üçün səbir az olur. Lakin inkişaf vaxt tələb edir və biz bütün komanda olaraq bu məqsədə çatmaq üçün birlikdə çalışırıq”.

Qeyd edək ki, “CSKA Sofia”- “Qarabağ” qarşılaşması iyulun 30-da Sofiyadakı “Vasil Levski” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında Bakıda baş tutan ilk oyun qolsuz heç-heçə ilə başa çatıb - 0:0.

İdman.Biz