Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” komandası Parisdə təşkil olunan Xüsusi Olimpiya Birləşmiş Dünya Kubokunun qalibi olub.
İdman.Biz xəbər verir ki, yığmamız finalda ABŞ seçməsini 3:2 hesabı ilə məğlub edərək, ilk dəfə təşkil olunan yarışın qızıl medallarını qazanıb.
Qeyd edək ki, futbol üzrə Xüsusi Olimpiya Birləşmiş Dünya Kuboku Xüsusi Olimpiya Hərəkatının təşkil etdiyi, əqli məhdudiyyətli və əqli məhdudiyyəti olmayan idmançıların eyni komandada mübarizə apardığı beynəlxalq turnirdir. Qadınların mübarizəsində 12 milli komanda qüvvəsini sınayıb.
Xüsusi Olimpiya Birləşmiş Dünya Kuboku əqli məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını gücləndirməyi, inklüziv idmanın inkişafını, futbol vasitəsilə bərabərlik və həmrəyliyi təşviq etməyi hədəfləyir.
