Marko Yankoviç: “Ümid edirəm ki, Avropa Liqasında əsas mərhələyə vəsiqə qazanacağıq”

10 İyul 2026 13:03
105
Marko Yankoviç: “Ümid edirəm ki, Avropa Liqasında əsas mərhələyə vəsiqə qazanacağıq”

“İlk oyunlar həmişə çətin keçir. Amma şükürlər olsun ki, 3:0 hesablı qələbə qazandıq. Düşünürəm ki, bu, cavab oyunu öncəsi üçün yaxşı nəticədir. Bununla belə, hələ heç nə bitməyib”.

Bu sözləri “Qarabağ”ın futbolçusu Marko Yankoviç UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Bakıda İslandiyanın “Vestri” klubunu 3:0 hesabı ilə məğlub etdikləri ilk oyun barədə danışarkən deyib.

Monteneqrolu yarımmüdafiəçi cavab qarşılaşmasının da asan keçməyəcəyini bildirib.

“Növbəti oyun da çox çətin olacaq. Biz addım-addım irəliləyirik. Artıq cavab görüşü barədə düşünə bilərik”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

O, “Qarabağ”ın əsas hədəfinin Avropa Liqasının liqa mərhələsinə yüksəlmək olduğunu vurğulayıb:

“Biz hər oyuna ayrıca yanaşmalıyıq. Ümid edirəm ki, əsas mərhələyə vəsiqə qazana biləcəyik. Çünki əsas hədəflərimizdən biri budur. Bununla yanaşı, ölkə çempionatını da unutmuruq. Çempionluğu geri qaytarmaq istəyirik”.

Qeyd edək ki, “Qarabağ” və “Vestri” arasında cavab görüşü iyulun 16-da İslandiyada keçiriləcək.

İdman.Biz