Kerrikin istədiyi futbolçuya xəbərdarlıq edildi - FOTO

21 İyun 2026 22:35
104
Kerrikin istədiyi futbolçuya xəbərdarlıq edildi - FOTO

İngiltərənin “Midlsbro” futbol klubunun yarımmüdafiəçisi Heyden Hekni karyerası ilə bağlı xəbərdarlıq alıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Football365” məlumat yayıb. “Mançester Yunayted”in baş məşqçisi Maykl Kerrik 23 yaşlı futbolçu ilə yenidən bir araya gəlmək istəyir.

Hekni Kerrikin “Midlsbro”da çalışdığı dövrdə komandanın əsas oyunçularından biri olub. İngiltərəli yarımmüdafiəçi sabiq baş məşqçisinin rəhbərliyi altında 104 oyunda meydana çıxıb, doqquz qol və doqquz məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçu ilə “Tottenhem” və “Everton”un da maraqlandığı bildirilir. Lakin İngiltərə millisinin sabiq üzvü Brayan Din Hekninin növbəti klub seçiminə ehtiyatla yanaşmalı olduğunu deyib.

“Onun növbəti səviyyədə sınanması özü üçün yaxşı ola bilər. Amma inkişafı üçün hansı kluba gedəcəyinə diqqət etməlidir. Səhv klub seçsə, ona lazım olan oyun vaxtını almaya bilər”, - deyə Din bildirib.

Hekni ötən mövsüm bütün turnirlərdə altı qol və səkkiz məhsuldar ötürmə ilə karyerasının ən məhsuldar dövrünü keçirib. Buna baxmayaraq, onun hələ Premyer Liqada oynamaması mümkün keçidlə bağlı əsas suallardan biri sayılır.

“Mançester Yunayted”in yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək istədiyi qeyd olunur. Klubun “Atalanta”nın braziliyalı futbolçusu Edersonun transferinə yaxın olduğu, həmçinin Sandro Tonali və Mateus Fernandes kimi oyunçularla da maraqlandığı bildirilir.

İdman.Biz