Minifutbol üzrə Avropa çempionatının finalı: Azərbaycan “qara at”ı ram edə biləcək? – İDMAN.BİZ-in İCMALI

4 İyun 2026 15:08
125
Minifutbol üzrə Avropa çempionatının finalı: Azərbaycan “qara at”ı ram edə biləcək? – İDMAN.BİZ-in İCMALI

Bu gün Azərbaycan minifutbol millisi dünya çempionu statusunda ardıcıl ikinci, ümumilikdə isə üçüncü beynəlxalq titulunu qazana bilər. Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Slovakiyada keçirilən Avropa çempionatının finalında meydana çıxacaq. Komandamızın rəqibi isə turnirin "qara at"ı adlandırılan Ukrayna yığmasıdır.

Azərbaycanlı futbolçular Avropa çempionatının final mərhələsinə gedən yolda qrup mərhələsini inamla keçərək Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2) üzərində qələbələr sayəsində birinci yeri tutublar. Pley-offda komandamız Qazaxıstanı (3:2) və Çexiyanı (5:2) məğlub edib. Yarımfinalda isə əsas vaxtda son Avropa çempionu Serbiya ilə 1:1 hesablı heç-heçə edən millimiz daha sonra penaltilər seriyasında 3:1 hesabı ilə qalib gəlib.

Ukrayna üçün bu final ölkə minifutbolu tarixində ilkdir. Komanda artıq bu idman növünün tarixini yenidən yazır və azarkeşləri təəccübləndirməyə davam edir. Turnir başlamazdan əvvəl onu favoritlər sırasında görmürdülər. Lakin finala gedən yol olduqca inamlı alınıb.

Ukrayna öz qrupunda Belçika (4:0) və Türkiyə (3:2) üzərində qələbə qazanaraq, Serbiya ilə isə heç-heçə edərək (1:1) birinci yeri tutub. Ukraynalılar 1/8 finalda Portuqaliyanı (3:1), 1/4 finalda Gürcüstanı (4:0) məğlub ediblər. Yarımfinalda isə 2025-ci ildə Bakıda keçirilən dünya çempionatının gümüş mükafatçısı Macarıstan üzərində 5:1 hesablı qələbə qazanıblar.

Maraqlıdır ki, turnir ərzində hər iki finalçı demək olar ki, eyni sayda qol vurub - Azərbaycanın hesabında 19, Ukraynanın aktivində isə 20 qol var. Lakin Azərbaycan futbolçuları səkkiz top buraxdıqları halda, ukraynalılar cəmi beş qol buraxıblar ki, bu da Ukrayna millisinin müdafiədə etibarlı oyun nümayiş etdirdiyini göstərir.

Fərdi statistikaya nəzər salsaq, Ukrayna millisində Denis Blank və Mixail Qritsina hərəyə beş qol vurmaqla seçilirlər. Vadim İvanovun hesabında isə dör qol var. Oleksandr Kolesnikov və Dmitri Sorokin hərəyə iki dəfə, Oleksandr Tarasyuk və Andrey Tsopa isə hərəyə bir dəfə fərqləniblər.

Azərbaycan millisində turnirin aşkar bombardiri yoxdur. Belə ki, Ramiz Çovdarov, Məhəmməd Xəlilov, Rəvan Kərimov, İsa Atayev və Eşkin Tağıyev hərəyə iki qol vurublar. Həmçinin Xətai Bağırov, Elvin Əlizadə, Vüsal İsayev və Təmkin Xəlilzadə də fərqlənməyi bacarıblar.

Maraqlıdır ki, Azərbaycan və Ukrayna minifutbol arenasında ilk dəfə qarşılaşmayacaq. 2025-ci ilin aprelində Slovakiyada keçirilən EMF Nations Games turnirində komandalar 2:2 hesablı heç-heçə ediblər.

Bununla yanaşı, 2024-cü ildə keçirilən son Avropa çempionatında Ukrayna 12-ci yeri tutduğu halda, Azərbaycan beşinci olub. Avropa Minifutbol Federasiyasının (EMF) reytinqində Ukrayna 11-ci, Azərbaycan isə ikinci pillədə qərarlaşıb.

Bu günə qədər Ukraynanın beynəlxalq arenadakı ən böyük uğuru 2019-cu il dünya çempionatının 1/4 finalına yüksəlməsi hesab olunurdu.

Bu mənzərədə Azərbaycan daha təcrübəli və titullu komanda təsiri bağışlayır. Millimiz Avropa və dünya reytinqlərində ön sıralarda yer alır, 2025-ci ilin dünya, 2022-ci ilin isə Avropa çempionudur. Komanda son illərdə sabit şəkildə yüksək səviyyədə çıxış edir. Ukrayna isə ilk dəfə, yalnız indi bu qədər yüksək nəticə göstərməyi bacarıb.

Lakin bu, əsas məqamı dəyişmir: həlledici rolu məhz bu gün və indi əldə olunan nəticə oynayacaq. Ukrayna millisi üçün bu final ilk böyük titulunu qazanmaq şansıdır.

Azərbaycan millisinin motivasiyası isə heç də az deyil. Üstəlik, Slovakiya artıq komandamıza uğur gətirib. Məhz burada futbolçularımız 2022-ci ildə ilk dəfə Avropa çempionu olublar. Ola bilsin ki, bu amil onlara əlavə inam və güc versin.

Xatırladaq ki, həlledici görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

İdman.Biz