Polşanın “Rakuv” klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində İsveç “Hammarbi”sini mübarizədən kənarlaşdırdıqdan sonra Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə bağlı paylaşım edib.
İdman.Biz xəbər verir ki, Çenstoxova təmsilçisi sosial şəbəkə hesabında hücumçuya Polşada verilən “Mahirowski” ləqəbindən istifadə edib.
“Sabahınız xeyir, Medaliki! Mahirowski tapşırığın yerinə yetirildiyini məruzə edir! Növbəti missiya artıq bazar günüdür”, - paylaşımda deyilir.

Xatırladaq ki, “Rakuv” səfərdə “Hammarbi”ni 1:0 hesabı ilə məğlub edib. İlk qarşılaşma qolsuz başa çatdığından Polşa klubu iki oyunun nəticəsinə əsasən 1:0 hesabı ilə üstün olub və Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. Mahir Emreli cavab görüşünə start heyətində başlayıb və 73-cü dəqiqədə əvəzlənib.
“Rakuv” pley-offda Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşacaq. Komandanın növbəti oyunu isə avqustun 16-da Polşa çempionatında “Krakoviya”ya qarşı olacaq.
