“Turan Tovuz” avrokuboklardan məhrum olan ilk klubumuz deyil - İDMAN.BİZ-in İCMALI

3 İyun 2026 17:46
91
“Turan Tovuz” avrokuboklardan məhrum olan ilk klubumuz deyil - İDMAN.BİZ-in İCMALI

Azərbaycan futbolunun Bu gün əsas müzakirə mövzularından biri “Turan Tovuz” klubunun qarşıdakı mövsümdə Konfrans Liqasından kənarlaşdırılmasıdır. UEFA bu qərarı 2019-cu ildə həmin vaxt Birinci Divizionda çıxış edən komandanın yeddi futbolçusunun danışılmış oyun qalmaqalında iştirak etməsi və sonradan futbolla bağlı bütün fəaliyyətlərdən ömürlük uzaqlaşdırılması ilə əlaqədar qəbul edib.

Sözügedən qərar UEFA-nın Azərbaycan klublarına və hətta milli assosiasiyaya qarşı tətbiq etdiyi ilk sanksiya deyil. Lakin əvvəlki hallarda səbəblər fərqli olub.

2000-ci illərin əvvəllərində Azərbaycan futbolu tarixinin ən çətin dövrlərindən birini yaşayırdı. Həmin vaxt klublarla AFFA arasında ciddi və uzunmüddətli qarşıdurma yaranmışdı. 2002-ci ildə ölkə çempionatında iştirak edən 11 komandadan 10-u mövsümü başa vurmadan yarışdan çəkilmişdi. Nəticədə Azərbaycanda futbol faktiki olaraq iflic vəziyyətinə düşmüşdü.

2003-cü ildə FIFA və UEFA-nın qərarı ilə AFFA-nın üzvlüyü dayandırılmışdı. Bununla yanaşı, Azərbaycan klubları və milli komandaya bu qurumların himayəsi altında keçirilən bütün beynəlxalq yarışlarda iştirak qadağan olunmuşdu. Lakin FIFA və UEFA-nın tələbləri yerinə yetirildikdən cəmi bir ay sonra sanksiyalar ləğv edilmişdi.

Birinci Diviziondakı danışılmış oyunlarla bağlı futbolçuların cəzalandırılmasına gəlincə, 2019-cu ildə ümumilikdə 28 nəfər sanksiyaya məruz qalmışdı. Onlardan 25-i futbolçu idi. Bu oyunçuların 17-si “Ağsu FK”, yeddisi "Turan Tovuz", biri isə “Zirə FK-2” komandasının üzvü olmuşdu.

Yeri gəlmişkən, məhz “Zirə” 2026/2027 mövsümündə Konfrans Liqasında "Turan Tovuz"u əvəz edə bilər. Maraqlıdır ki, bu klub da vaxtilə avrokuboklarda iştirak hüququndan məhrum olub.

2016-cı ildə "Zirə" Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı olsa da, UEFA lisenziyası ala bilməmişdi. Buna səbəb "üç illik üzvlük qaydası" adlanan tələb idi. Həmin qaydaya əsasən, klub milli futbol assosiasiyasının üzvü kimi ən azı üç il fasiləsiz fəaliyyət göstərməli idi. “Zirə” yalnız 2014-cü ildə yaradıldığı üçün ona lisenziya verilməmişdi.

Bir il sonra isə klub vəziyyətin yenidən nəzərdən keçirilməsinə nail olmuşdu. UEFA-ya edilən apellyasiya müraciətindən sonra "Zirə" lisenziya almaq hüququ qazanmış və 2017/2018 mövsümündə Avropa Liqasında debüt etmişdi.

UEFA-nın Azərbaycan klubuna qarşı tətbiq etdiyi digər ciddi sanksiya 2015-ci ildə qeydə alınıb. Həmin vaxt “İnter Bakı” (indiki “Şamaxı”) maliyyə pozuntuları və ödənilməmiş borclar səbəbindən üç mövsüm - 2016/17, 2017/18 və 2018/19 mövsümlərində avrokuboklardan kənarlaşdırılmışdı.

Beləliklə, UEFA-nın Azərbaycan klubları ilə bağlı sərt qərarları ölkə futbolu üçün yeni hadisə deyil. Bununla belə, "Turan Tovuz"la bağlı vəziyyət işin mahiyyəti və yaranma səbəbləri baxımından presedent xarakteri daşıyır.

Ümid etmək qalır ki, bu hadisə istisna olaraq qalacaq və gələcəkdə Azərbaycan klubları Avropa turnirlərində yalnız futbol meydanındakı nəticələri ilə diqqət mərkəzinə düşəcəklər.

İdman.Biz