Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının növbəti oyunlarında da qələbə qazanmağı hədəfləyir.
İdman.Biz Report-a istinadən xəbər verir ki, bu barədə komandanın üzvü İsa Atayev jurnalistlərə açıqlamasında bildirib.
Oyunçu Avstriyaya qalib gəldikləri (1:0) matçla bağlı fikirlərini bölüşüb:
“Növbəti oyunlarda da qələbə qazanmağı hədəfləyirik. Xalqımızı sevindirmək istəyirik. İlk qarşılaşmanın ağır keçəcəyini gözləyirdik. Birinci matçlar həmişə çətin alınır”.
İ.Atayevin sözlərinə görə, belə turnirlərdə heç vaxt zəif komanda olmur:
“Bütün kollektivlər sonadək mübarizə aparırlar. Son dünya çempionuyuq. Bu səbəbdən hər komanda bizə qarşı fərqli oyun sərgiləyir. Meydana da tam öyrəşməmişdik. İlk görüş olduğu üçün ağır alındı”.
Xatırladaq ki, Azərbaycanın minifutbol millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.
