Poçettino susqunluğunu pozdu: “Qərarlar çox çətin idi”

28 May 2026 07:32
343
Poçettino susqunluğunu pozdu: “Qərarlar çox çətin idi”

Futbol üzrə ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino 2026-cı il Dünya Çempionatı üçün yekun heyətə salınmayan oyunçularla şəxsən əlaqə saxlamamasını müdafiə edib.

İdman.Biz xəbər verir ki, argentinalı mütəxəssis 26 nəfərlik heyəti açıqladıqdan sonra mətbuat konfransında tənqidlərə cavab verib. ABŞ millisinin siyahısında Dieqo Luna, Tanner Tessmann və Aydan Morris kimi futbolçuların yer almaması müzakirələrə səbəb olub.

Poçettino bu qərarların emosional baxımdan ağır olduğunu bildirib. O, Dünya Çempionatı arzusundan kənarda qalan futbolçularla bağlı vəziyyətin asan olmadığını vurğulayıb.

“Bunlar çox çətin qərarlar idi və bu yolun bir hissəsi olan bütün oyunçulara minnətdarıq”, - deyə baş məşqçi bildirib.

Mütəxəssis eyni zamanda diqqətin heyətə düşməyən futbolçulara yönəlməsini düzgün saymadığını deyib. Onun fikrincə, bu, Dünya Çempionatında ABŞ-ni təmsil edəcək oyunçulara qarşı hörmətsizlik kimi görünə bilər.

Poçettino artıq bütün diqqətin qarşıdakı turnirə yönəldiyini bildirib. O, komandasının ABŞ azarkeşlərini və ölkəni qürurlandırmaq üçün meydana çıxacağını söyləyib.

İdman.Biz