Futbol üzrə AFFA İntizam Komitəsi Misli Premyer Liqası, birinci liqa, Əvəzedicilər liqası və Gənclər Liqasında baş verən intizam pozuntuları ilə bağlı cəzaları açıqlayıb.
İdman.Biz xəbər verir ki, qərarlara əsasən, Premyer Liqanın 33-cü turunda keçirilən “Sumqayıt” - “Qarabağ” matçından sonra meydançaya kənar şəxslərin daxil olması səbəbindən “Sumqayıt” 2500 manat cərimələnib.
Eyni oyunda “Qarabağ” azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsi Ağdam təmsilçisinə daha ağır cəza ilə nəticələnib. Klub bu pozuntuya görə 8000 manat cərimə olunub.
“Kəpəz” - “Neftçi” oyununda isə meydan sahiblərinin dörd futbolçusunun sarı vərəqə alması Gəncə klubuna 700 manatlıq cərimə gətirib. Qarşılaşmanın 65-ci dəqiqəsində “Neftçi” futbol komandasının oyunçusu İfenayi Metyu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. O, bir oyunu şərti olmaqla iki oyunluq diskvalifikasiya edilib, “Neftçi” isə 1000 manat cərimələnib.
Birinci Liqada MOİK dörd futbolçusunun sarı vərəqə almasına görə 210 manat, “Şəfa” beş futbolçusunun sarı vərəqə almasına görə 210 manat, “Səbail” isə “Mingəçevir”lə oyunda dörd futbolçusunun sarı vərəqə almasına görə 210 manat cərimələnib.
“Mingəçevir” - “Səbail” oyununda qonaq komanda əlavə cəzalarla da üzləşib. Fəxri Məmmədlinin təcavüzkar davranışa görə qırmızı vərəqə alması “Səbail”ə 900 manatlıq cərimə gətirib. Lətif Rzayevin ikinci sarıdan qırmızı vərəqə almasına görə klub 150 manat, məşqçi İlyas Qurbanovun hakimin qərarına etirazına görə isə 750 manat cərimələnib.
Əvəzedicilər liqasında “Şamaxı-2” futbolçusu Həbib İsmayılovun hakimin qərarına etirazına görə 250 manat cərimə alıb. “Araz-Naxçıvan-2” dörd futbolçusunun sarı vərəqə almasına görə 70 manat, İbrahim Piriyevin təcavüzkar davranışına görə isə 300 manat cərimələnib.
“Araz-Naxçıvan-2” - “Sabah-2” matçında “Sabah-2” də iki ayrı cərimə ilə üzləşib. Ramil Nuraxmedovun qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə alması kluba 800 manatlıq cərimə gətirib. Həmzəalı Mikayılovun təcavüzkar davranışına görə isə “Sabah-2” 300 manat cərimələnib. “Sumqayıt-2” də “Turan Tovuz-2” ilə oyunda dörd futbolçusunun sarı vərəqə almasına görə 70 manat ödəyəcək.
Gənclər Liqasında “Qarabağ” - “Neftçi” oyununda kütləvi qarşıdurmaya görə hər iki klubun növbəti iki ev oyunu azarkeşsiz keçiriləcək. Bundan başqa, “Qarabağ” futbolçusu Əli İbrahim söyüşı görə beş oyun, Tunar Qasımov və “Neftçi” futbolçusu Nahid Ömərov üç oyun diskvalifikasiya edilib.
