Elvin Cəfərquliyevlə bağlı iddia: Maraqlanan xarici klubların adları AÇIQLANDI

21 May 2026 15:49
157
Elvin Cəfərquliyevlə bağlı iddia: Maraqlanan xarici klubların adları AÇIQLANDI

İntizamsız davranışlarına görə “Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyevə bir neçə təklif var.

İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının təsnifat mərhələsində Ağdam klubunun rəqibi olmuş Macarıstanın “Ferentsvaroş” klubu müdafiəçini israrla heyətinə qatmaq niyyətindədir. Onlar bir neçə dəfə “Qarabağ”a təklif göndərib. Ağdam klubu Elvinin transferi üçün 1,5 milyon avro transfer məbləği istəyir.

Bununla yanaşı Türkiyənin “Amedspor” klubu da Azərbaycan yığmasının üzvü ilə maraqlanıb. Superliqaya yeni vəsiqə qazanan komanda transfer məbləğini ödəməyə də hazırdır. Lakin burda məsələ odur ki, Elvin xarici klublardan ilinə 1 milyon avro maaş istəyib. O, meneceri vasitəsilə hər iki kluba yalnız bu şərtlər altında keçəcəyini deyib.

Cəfərquliyevin “Neftçi”yə keçidi də gündəmdə olub. Lakin buna da “Qarabağ” maneə törədib. Ağdam klubu xarici klublardan fərqli “Neftçi”dən daha çox transfer məbləği istəyib. Bakılılar isə razılaşmayıb və keçid baş tutmayıb.

Qeyd edək ki, Elvin Cəfərquliyev hazırda “Qarabağ”ın əvəzedici heyətində çıxış edir. O, ötən gün “Kəpəz”ə qarşı keçirilən oyunda da meydanda olub. Lakin ikinci hissənin ortalarında futbolçu zədələnərək əvəzlənib.

İdman.Biz