Velko Simiç: “Komandamız sabit və inamlı oyun göstərdi”

14 May 2026 11:13
131
Velko Simiç: “Komandamız sabit və inamlı oyun göstərdi”

“Əla oyun oldu. Düşünürəm ki, möhtəşəm mövsümü tamamladıq. Həm çempionluğu, həm də kuboku qazandıq. Məncə, buna tam layiq idik. Çünki ilk gündən etibarən çox yaxşı çıxış edirdik. Komandamız mövsüm ərzində sabit və inamlı oyun nümayiş etdirdi. Buna görə çox xoşbəxtik”.

Bu sözləri “Sabah”ın serbiyalı futbolçusu Velko Simiç Azərbaycan Kubokunun finalında “Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri görüş barədə danışarkən deyib.

31 yaşlı yarımmüdafiəçi bildirib ki, hazırda əsas məqsəd mövsümü başa vurmaq və qısa istirahətdən sonra yeni hədəflərə köklənməkdir.

“Çempionlar Liqası haqqında düşünmək üçün hələ vaxt var. İndi istəyirik ki, mövsümü tam başa vuraq, bir qədər dincələk. Daha sonra addım-addım növbəti hədəflər barədə düşünəcəyik. Əlbəttə, bizi maraqlı və məsuliyyətli oyunlar gözləyir”, - deyə o, AZƏRTAC-a açıqlamasında söyləyib.

Şəxsi çıxışı barədə də danışan futbolçu daha çox komandanın uğuruna önəm verdiyini deyib:

“Mən daha çox komandanın uğurundan danışmağa üstünlük verirəm. Amma düşünürəm ki, mövsüm ərzində komandaya fayda verə bildim və uğurlarımızda müəyyən payım oldu. Bunun üçün xoşbəxtəm”.

Qeyd edək ki, Azərbaycan çempionluğunu vaxtından əvvəl təmin edən “Sabah” ölkə kubokunu da qazanmaqla mövsümü 2 titulla başa vurub. Bakı klubu ardıcıl ikinci dəfə kubokun sahibi olub.

İdman.Biz