Maradonanın ölüm səbəbi ilə bağlı yeni detallar - FOTO

1 May 2026 12:37
109
Maradonanın ölüm səbəbi ilə bağlı yeni detallar - FOTO

Argentina futbol millisinin əfsanəsi Dieqo Maradonanın 25 noyabr 2020-ci il tarixində vəfat etdiyi ev hazırda davam edən məhkəmə prosesinin mərkəzindədir. Buenos-Ayresin Benavidez bölgəsində, “San Andres” yaşayış kompleksində yerləşən bu bina iki mərtəbədən ibarət olsa da, futbolçunun son günlərini keçirdiyi şərait dözülməz olub.

İdman.Biz xəbər verir ki, Argentina mediasına istinadən xəbər verir ki, prokurorluq və iddiaçılar evin ev şəraitində müalicə üçün tamamilə yararsız olduğunu və Dieqonu təcrid etmək məqsədilə seçildiyini iddia edirlər.

Ev yaşayış kompleksin girişindən təxminən 700 metr aralıda yerləşirdi ki, bu da təcili yardımın baş verə biləcək hər hansı fövqəladə halda məkana vaxtında çatmasını çətinləşdirirdi. Əsas yataq otaqları və tam təchiz olunmuş hamam ikinci mərtəbədə yerləşsə də, pilləkənlərin dar olması və sürahilərin yoxluğu fiziki vəziyyəti zəif olan Maradonanın yuxarı qalxmasını qeyri-mümkün edirdi.

Futbolçu üçün birinci mərtəbədəki oyun otağı yataq otağına çevrilmişdi. Bu otağın sürüşmə qapısı döşəməyə qədər çatmadığı üçün içəri səs və işıq dolur, bu isə xəstənin istirahətinə mane olurdu.

Birinci mərtəbədə yalnız unitaz və əlüzyuyandan ibarət kiçik bir sanitar qovşaq yerləşib, duş qəbul etmək üçün heç bir şərait olmayıb. Bu səbəbdən otağa gecə vaxtı təbii ehtiyaclarını ödəmək üçün qabı qoyulub.

Hadisə yerinə gələn ilk həkim Kolin Kempbell otağın çox dağınıq və çirkli olduğunu, orada ilk yardım çantası, oksigen balonu və ya hər hansı digər tibbi ləvazimatın tapılmadığını qeyd edib. Veronika Oxeda məhkəmədəki ifadəsində evin vəziyyətini kəskin tənqid edərək otaqda dəhşətli qoxunun varlığını və orada qalmağın mümkün olmadığını bildirib.

Dieqo Maradonanın ölümündə təqsirləndirilən əsas şəxslərdən biri, psixoloq Karlos Dias məhkəmədə ilk dəfə ifadə verib. Ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə mühakimə olunan peşəkar mütəxəssis 25 ilədək həbs cəzası ilə üz-üzədir. O, Maradonanı ömrünün son günlərində təcrid etməkdə ittiham olunur.

Məhkəmə iclasında Dias bir neçə mühüm məqamı diqqətə çatdırıb. Psixoloq Maradonanı ölümündən cəmi 29 gün əvvəl, 26 oktyabr tarixində tanıdığını və bu iş üçün heç bir ödəniş almadığını bildirib. O, futbol ulduzunun vəziyyətinin ona öz alkoqolizmdən əziyyət çəkən atasını xatırlatdığını qeyd edib.

Dias Maradonanın telefonunun özünə verilməsini və kiminlə görüşəcəyinə dair qərarı özünün verməsini təklif etdiyini deyib. O, bu addımın xəstəyə öz həyatının idarəçiliyini qaytarmaq məqsədi daşıdığını və ailənin də bununla razılaşdığını vurğulayıb. Mütəxəssis Maradonanın müalicəyə sadiq olduğunu və son 23 gündə tamamilə asılılıq yaradan maddələrdən uzaq qaldığını iddia edib.

Dias, həmçinin digər ittiham olunan həkimlər Leopoldo Luke və Aqustina Kosaçovla da məhz bu müalicə prosesi zamanı tanış olduğunu deyərək, onlara qarşı irəli sürülən əvvəlcədən planlaşdırılmış qəsd nəzəriyyələrini rədd edib.

İdman.Biz