İtaliyanın “İnter” futbol komandasının keçmiş baş məşqçisi, hazırda isə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunu çalışdıran Simone İndzaqi yeni həyatından razılığını ifadə edib.
İdman.Biz “La Gazzetta dello Sport” nəşrinə istinadla xəbər verir ki, 50 yaşlı mütəxəssis köçdüyü vaxtdan bəri İtaliyaya cəmi dörd dəfə getdiyini və vətəni üçün heç darıxmadığını qeyd edib.
Təcrübəli məşqçi ailəsi ilə birlikdə qapalı yaşayış kompleksində məskunlaşıb. O, klubdakı şəraitin və uşaqları üçün nəzərdə tutulan ingilis məktəbinin səviyyəsindən olduqca razıdır. Xatırladaq ki, İndzaqi ötən ilin yayında Çempionlar Liqasının finalında PSJ-yə uduzduqdan bir neçə gün sonra “İnter”dən ayrılmışdı.
