Cənubi Amerika Kuboku matçından sonra maraqlı və nadir hallarda rast gəlinən hadisə yaşanıb. Argentinanın “San-Lorenso” futbol komandasının oyunçuları braziliyalı ulduz Neymarın ətrafını sararaq ondan xatirə hədiyyələri tələb ediblər.
İdman.Biz xəbər verir ki, təcrübəli hücumçu formasını rəqib oyunçulardan birinə bağışlasa da, digər futbolçular bununla kifayətlənməyiblər. Nəticədə argentinalı oyunçular ulduz futbolçunun butslarını da çıxararaq özləri ilə götürüblər.
Neymarın bu vəziyyətə gülümsəyərək reaksiya verməsi və rəqiblərinə mane olmaması diqqətdən yayınmayıb. Braziliyalı ulduz meydanı ayaqyalın tərk etməli olub.
