Futbol üzrə İspaniya La Liqasının 32-ci turu çempionluq yarışının taleyini müəyyən edə biləcək nəticə ilə start götürüb.
İdman.Biz xəbər verir ki, Madridin “Real” klubu “Betis”lə 1:1 hesablı heç-heçə edərək növbəti dəfə xal itirib. Alvaro Arbeloanın komandası Vinisius Juniorun qolu ilə önə keçsə də, 90+3-cü dəqiqədə Ektor Belyerinin qoluna mane ola bilməyib. Bu nəticə “kral klubu”nun çempionluq şanslarını xeyli azaldıb: “Barselona”nın 82, “Real”ın isə 74 xalı var və katalonların “Xetafe” üzərində qələbəsi fərqi 11 xala çatdıra bilər.
“Xetafe” – “Barselona”
“Barselona” üçün bu oyun mövsümün sonluğunda həlledici qarşılaşmalardan biri ola bilər. “Real”ın xal itkisindən sonra Hansi Flikin komandası çempionluq yarışında intriqanı demək olar aradan qaldırmaq imkanı əldə edib. “Xetafe” səfərində qələbə katalonların üstünlüyünü 11 xala çatdıracaq ki, bu da qalan turlar fonunda demək olar həlledici üstünlük sayılır.
Birinci dövrədə “Barselona” rəqibini 3:0 hesabı ilə məğlub etmişdi. Həmin görüşdə Ferran Torres dubl etmiş, Dani Olmo isə bir qol vurmuşdu. Lakin “Koliseum” stadionuna səfər ənənəvi olaraq katalonlar üçün çətin keçir: Xose Bordalasın komandası sərt və kompakt oyunu ilə favoritlərin tempini pozmağı bacarır.
Matç öncəsi “Barselona”nın əsas problemi heyətlə bağlıdır. Lamin Yamal “Selta” ilə oyunda zədələnərək sıradan çıxıb. Bundan əlavə, Rafinya, Andreas Kristensen və diskvalifikasiya olunan Erik Qarsiya da oynamayacaq. “Xetafe”də də itkilər var: Zayd Romero cəzalıdır, Xuanmi və Borxa Mayoral zədəlidir. Bununla belə, Dominguş Duarte komandaya qayıdaraq müdafiəni gücləndirə bilər.
“Atletiko Madrid” – “Atletik”
“Metropolitano”dakı qarşılaşma artıq çempionluq deyil, avrokubok zonası uğrunda mübarizə baxımından əhəmiyyətlidir. “Atletiko” 57 xalla dördüncü pillədə qərarlaşıb, lakin Dieqo Simeonenin komandası uğursuz seriya keçirir. “Atletik” isə 9-cu yerdədir və mövsümün sonunu uğurlu keçirsə, avrokuboklara vəsiqə şansını qoruyur.
Cari mövsümün ilk dövrəsində “Atletik” Bilbao şəhərində “Atletiko”nu 1:0 hesabı ilə məğlub etmişdi. Qələbə qolunu 85-ci dəqiqədə Niko Uilyamsın ötürməsindən sonra Aleks Berenger vurmuşdu.
Son xəbərlər “Atletiko” üçün nikbin deyil. Komanda bütün turnirlərdə son 4 oyunu uduzub, o cümlədən İspaniya Kubokunun finalında “Real Sosyedad”a məğlub olub. Xose Mariya Ximenez və Ademola Lukman zədə səbəbindən sıradan çıxıb, Tyaqo Almada isə cəzalıdır. “Atletik”də Mikel Xauregisyar diskvalifikasiya olunub, Emerik Lyaport isə zədədən sonra sual altındadır.
La Liqa, 32-ci tur – oyun cədvəli:
24 aprel
“Betis” – “Real” 1:1
25 aprel
“Alaves” – “Malyorka”
“Xetafe” – “Barselona”
“Valensiya” – “Jirona”
“Atletiko Madrid” – “Atletik”
26 aprel
“Rayo Valyekano” – “Real Sosyedad”
“Real Oviedo” – “Elçe”
“Osasuna” – “Sevilya”
“Vilyarreal” – “Selta”
27 aprel
“Espanyol” – “Levante”
Turnir cədvəli (32-ci turun əsas oyunlarından əvvəl):
“Barselona” – 82
“Real” – 74
“Vilyarreal” – 62
“Atletiko Madrid” – 57
“Betis” – 50
“Xetafe” – 44
“Selta” – 44
“Real Sosyedad” – 42
“Atletik” – 41
“Osasuna” – 39
“Rayo Valyekano” – 38
“Espanyol” – 38
“Jirona” – 38
“Valensiya” – 36
“Malyorka” – 35
“Elçe” – 35
“Sevilya” – 34
“Alaves” – 33
“Levante” – 32
“Real Oviedo” – 28
