“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa komanda ilə münasibətlərindən və azarkeşlərin narazılığına münasibətindən danışıb.
İdman.Biz xəbər verir ki, o, La Liqanın 33-cü turunda “Deportivo Alaves”lə keçiriləcək oyun öncəsi açıqlama verib. Qarşılaşma aprelin 21-də baş tutacaq.
Arbeloa bildirib ki, komanda ilə münasibətləri peşəkar çərçivədə qurulub və o, futbolu başqa cür təsəvvür etmir. Onun sözlərinə görə, tələbkar olmaq və oyunçuları daha yaxşı nəticələrə sövq etmək bu münasibətlərin ayrılmaz hissəsidir. Baş məşqçi qeyd edib ki, çətin anlarda belə soyunub-geyinmə otağında müsbət atmosfer qorunub saxlanılıb və bu, sağlam kollektivin göstəricisidir.
Mütəxəssis azarkeşlərin fit səslərinə də münasibət bildirib. O vurğulayıb ki, bu hal onu narahat etmir, çünki gündəlik həyatda azarkeşlərin komandaya dəstəyini hiss edir. Arbeloa əlavə edib ki, komanda qarşıdakı oyunda yaxşı çıxış etməli, layiqli oyun göstərməli və “Santyaqo Bernabeu” stadionunda alqış qazanmalıdır.
Baş məşqçi sonda qeyd edib ki, futbolçular meydana qələbə əzmi ilə çıxmalı və bunu ilk dəqiqələrdən sübut etməlidirlər.
