“Kəpəz”lə oyunda məqsədimiz qələbədir. Allah qoysa, qalib gələrək azarkeşlərimizi sevindirəcəyik”.
Bunu “İmişli”nin qanalı yarımmüdafiəçisi Yau Mozes futbolinfo.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
– Növbəti turda bu mövsüm uduzmadığınız “Kəpəz”in qonağı olacaqsınız. Budəfəki görüşdə sizi 1 xal qane edəcək, yoxsa məqsəd ancaq qələbədir?
– “Kəpəz”lə oyunda məqsədimiz qələbədir. Allah qoysa, qalib gələrək azarkeşlərimizi sevindirəcəyik.
– Sizi “İmişli”nin əsas heyətində görmürük, ya oynamır, ya da sonradan meydana daxil olursunuz. Bu barədə nə deyə bilərsiniz? Özünüzü ilk “11-lik”də yer almağa tam hazır sayırsınızmı?
– Bəli, zədə səbəbindən uzun müddətdir meydandan kənarda qaldım və indi-indi geri qayıdıram. Baş məşqçi əsas heyətdə oynamağıma qərar verərsə, mən hazıram.
– “İmişli”nin mövsümün son hissəsində məqsədi nə olacaq: turnir cədvəlində hazırkı mövqeyini qorumaq, yoxsa bacardıqca irəliləmək?
– Əsas hədəfimiz Premyer Liqada daha yüksək pillələrdə qərarlaşmaqdır. Bu məqsədə çatmaq üçün komanda olaraq maksimum səylə çalışırıq. Hər oyunda ən yaxşı nəticəni əldə etməyə fokuslanmışıq.
– Ölkəniz Qana bu yay keçiriləcək dünya çempionatında İngiltərə, Xorvatiya və Panama ilə eyni qrupda mübarizə aparacaq. Millinizin mundialda qrupdan çıxmaq şansını necə dəyərləndirirsiniz? Sizcə, Qana yığması dünya çempionatında sürpriz edə bilər?
– Qana çoxlu istedadlı gənc oyunçusu olan futbol ölkəsidir. Ona görə də millimiz budəfəki dünya çempionatında daha irəli gedə bilsə, təəccüblənmərəm. Xatırlayırsınızsa, Qana 2010-cu ildə keçirilən mundialda 1/4 finala yüksələ bilmişdi. Komandamızdan yenə uğurlu çıxış gözləyirəm.
