Almaniyanın “Bavariya” futbol komandasının ulduz hücumçusu Harri Keyn İngiltərəyə möhtəşəm qayıdışa hazırlaşır. Futbolçu Surrey qraflığında, “Çelsi”nin məşq bazasına cəmi bir neçə addımlıqda özünə nəhəng malikanə tikdirir.
İdman.Biz “The Sun” nəşrinə istinadla xəbər verir ki, yerli sakinlər artıq evin fasadını kral iqamətgahı ilə müqayisə etməyə başlayıblar. Ümumi dəyəri 20 milyon funt sterlinq (təxminən 45,7 milyon AZN) olan mülkdə hər cür lüks şərait nəzərdə tutulub.

Malikanənin daxilində kinoteatr, hovuz, bar, idman zalı və beş avtomobillik qaraj olacaq. Qarajın ən diqqətçəkən detalı isə 20 min funt sterlinq (təxminən 45 700 AZN) dəyərində olan dönmə platformasıdır. Bu sistem sürücüyə avtomobili geri vermədən rahatlıqla qarajdan çıxmağa şərait yaradır.

Qeyd edək ki, Keyn bu ərazini 2023-cü ildə 6,5 milyon funt sterlinqə (təxminən 14,8 milyon AZN) alıb və köhnə tikilini tamamilə sökərək yerində bu "sarayı" ucaltmaq qərarına gəlib. Evin “Çelsi”nin bazasına yaxınlığı isə forvardın gələcəkdə "zadəganlar"ın formasını geyinə biləcəyi barədə şayiələri yenidən alovlandırıb.


