Okan Buruk ciddi xal ikisinin səbəbini açıqladı

13 Aprel 2026 02:35
363
Okan Buruk ciddi xal ikisinin səbəbini açıqladı

Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Okan Buruk Superliqanın 29-cu turunda “Kocaelispor”la heç-heçədən (1:1) sonra fikirlərini bölüşüb. Təcrübəli mütəxəssis xüsusilə oyunun tez-tez dayanmasından və rəqibin vaxt uzatmasından şikayətlənib.

İdman.Biz xəbər verir ki, Buruk rəqibin oyun üslubunu tənqid edib və çox mənasız qayda pozuntuları etdiklərini bildirib.

“Çox xətalara yol verdik. Hər xətada rəqib yerə uzanır, oyun dayanır və yavaşlayır. Onların istədiyi də elə budur. Daha sakit qalıb nə etdiyimizi bilməli idik. Məni ən çox üzən məqam budur”, - deyə baş məşqçi söyləyib.

Okan Buruk matçın gedişatını dəyərləndirərkən ikinci qolun vacibliyini vurğulayıb:

“İlk hissəni tam üstünlüklə oynadıq, rəqibi qapımıza yaxın buraxmadıq. Amma ikinci qolu vursaydıq, oyunu xilas edə bilərdik. Hesab bərabərləşdikdən sonra isə panikaya düşdük”.

Mütəxəssis bəzi futbolçuların zədəli halda oynamasının və Osimhenin yoxluğunun komandaya təsir etdiyini bildirib.

Sonda çempionluq yarışına toxunan baş məşqçi iddialı danışıb:

“Üstünlük hələ də bizdədir, lider bizik. Əvvəlki illərdə də buna bənzər hallar yaşamışıq. Azarkeşlərimizə və futbolçularıma inanıram. Yenə biz çempion olacağıq”.

İdman.Biz