Türkiyənin “Qalatasaray” futbol komandasının baş məşqçisi Okan Buruk Superliqanın 27-ci turunda səfərdə “Göztepe” üzərində qazanılan 3:1 hesablı qələbədən sonra klub daxilindəki məlumat sızmalarına qarşı sərt açıqlamalar verib.
İdman.Biz xəbər verir ki, təcrübəli mütəxəssis ilk 11-liklərin mütəmadi olaraq mediaya sızdırılmasını “xəyanət” adlandırıb. Buruk xüsusilə jurnalist Kaya Temelin adını çəkərək, daxili məlumatların rəqiblərə üstünlük qazandırdığını vurğulayıb.
“İçimizdə “Qalatasaray”a zərər verərək komandanın gizli qalmalı olan məlumatlarını kənara çıxaran xainlər var. Xüsusilə Kaya Temel adlı jurnalistin mütəmadi olaraq içəridən məlumat alması və ilk 11-liyin yayılması qəbulolunmazdır. Bu, “Qalatasaray”a qarşı açıq xəyanətdir. Rəqiblərimiz bu məlumatlara görə hazırlaşır”, - deyə Okan Buruk bildirib.
Baş məşqçi həmçinin qeyd edib ki, bu sızıntıların qarşısını almaq üçün lazım gəlsə, son məşqlərdə əsas heyəti sınaqdan keçirməyəcək. O, zədə səbəbindən uzun müddətdir komandadan kənarda qalan Metehan Baltacı kimi oyunçuların bu məsələdə günahlandırılmasının da ədalətsiz olduğunu əlavə edib.
