Saşa İliçdən istefa anonsu: “Qərarı rəhbərlik verəcək”

6 Aprel 2026 00:17
152
Saşa İliçdən istefa anonsu: “Qərarı rəhbərlik verəcək”

Misli Premyer Liqasının 26-cı turunda doğma meydanda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olan “Sumqayıt”ın baş məşqçisi Saşa İliç oyundan sonra mətbuat konfransında çıxış edib. Serbiyalı mütəxəssis komandadakı uğursuz gedişat və mümkün istefası barədə danışıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis məğlubiyyəti fərdi səhvlərlə əlaqələndirib.

“Biz bir neçə səhvə yol verdik və buna görə də cəzalandıq. Futbolçulara konkret tapşırıqlar veririk. Məsələn, Səbuhi Abdullazadəyə deyirik ki, mərkəzdə səhv etmək olmaz, amma bu, təkrar-təkrar baş verir. Ona qarşı xüsusi narazılığım yoxdur. Bu gün Səbuhi, sabah Masaka, o biri gün Ninkoviç səhv edir. Biz bir nəfərə müraciət edirik, amma hamı nəticə çıxarmalıdır. Çünki “Neftçi” kimi komandalar səhvləri bağışlamır”, - deyə İliç söyləyib.

İliç ardıcıl 10 oyundur qələbə qazana bilməmələri və istefa ehtimalı barədə verilən suala da aydınlıq gətirib:

“İstefa ilə bağlı qərarı klub rəhbərliyi qəbul edir. Heç bir problem yoxdur. Premyer Liqada bizdən güclü 4-5 klub var. Bizim pik nöqtəmiz keçən ilin noyabrına təsadüf etdi. O vaxt güclənməyi planlaşdırırdıq, lakin transferlər baş tutmadı. İndi gənclər özlərini göstərmək üçün şans qazanmalıdırlar”.

İdman.Biz