Son günlərdə sosial şəbəkələrdə Kriştianu Ronaldunun 15 yaşlı oğlu kiçik Kriştianu ilə 27 yaşlı braziliyalı model Beatrisin Dubaydakı məşhur “Atlantis The Royal” otelində yerləşən “Nobu” restoranında görüşməsi və münasibətdə olması barədə xəbərlər sürətlə yayılıb.
İdman.Biz xəbər verir ki, bu iddia ilk olaraq "X" platformasında bəzi qeyri-rəsmi hesablar tərəfindən paylaşılıb və qısa müddətdə virus kimi yayılıb. Paylaşılan fotoların bir çoxunun süni intellekt (AI) vasitəsilə hazırlandığı və ya kontekstdən kənar olduğu müəyyən edilib.

Məsələ burasındadır ki, kiçik Kriştianunun cəmi 15 yaşı var. 27 yaşlı model ilə münasibət iddiası həm hüquqi, həm də etik baxımdan qeyri-mümkün görünür. Nüfuzlu idman nəşrləri və ya ailəyə yaxın mənbələr bu görüşü təsdiqləməyib. Yayılmış mətnlər eyni şablonla müxtəlif dillərdə paylaşılaraq manipulyasiya xarakteri daşıyıb. Braziliyalı model Beatris Taufenbax son vaxtlar hind filmi "Toxic" ilə bağlı gündəmə gəlsə də, onun Ronaldunun oğlu ilə hər hansı əlaqəsi barədə sübut yoxdur.
