İspaniya prokurorluğu 2023-cü ildə “Real” futbol komandasının hücumçusu Vinisius Juniora qarşı irqçi təhqirlər yağdıran “Sevilya” azarkeşi üçün 21 ay müddətinə həbs cəzası istəyib.
İdman.Biz xəbər verir ki, prokurorluq həbs qərarı ilə yanaşı, həmin şəxsin iki il müddətinə stadionlara girişinə qadağa qoyulmasını da tələb edir. Bu, İspaniya futbolunda irqçiliyə qarşı mübarizədə növbəti sərt addım kimi qiymətləndirilir.
Əgər məhkəmə azarkeşi təqsirli bilsə, bu, La Liqa tarixində irqçiliklə bağlı verilən doqquzuncu hökm olacaq. Maraqlıdır ki, Vinisius Junior artıq üç dəfə oxşar məhkəmə proseslərində zərərçəkmiş tərəf kimi iştirak edib.
Qeyd edək ki, İspaniya qanunvericiliyinə görə, zorakılıqla müşayiət olunmayan cinayətlərdə iki ilə qədər həbs cəzaları, şəxsin əvvəllər məhkumluğu olmadığı təqdirdə adətən şərti xarakter daşıyır. Lakin stadion qadağası və irqçiliyə qarşı xüsusi təlim proqramlarında iştirak kimi əlavə sanksiyalar qüvvədə qalır.
