Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Qəbələ”ni məğlub edib - YENİLƏNİB + VİDEO

21 Mart 2026 18:05
661
Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Qəbələ”ni məğlub edib - YENİLƏNİB + VİDEO

Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub.

İdman.Biz xəbər verir ki, turun son oyunu “Turan Tovuz” və “Qəbələ” komandaları arasında keçirilib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş Tovuz təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

FIFA referisi Kamal Umudlunun idarə etdiyi matçda hesabı 3-cü dəqiqədə “canavarlar”ın müdafiəçisi Hayderson Hurtado açıb.

Qəbələ komandası 27-ci dəqiqədə Eşqin Əhmədovun qolu ilə hesabı bərabərləşdirib.

Hurtado 49-cu dəqiqədə dubl edərək klubunu önə keçirib. 10 dəqiqə sonra Joarlem Santos “Turan Tovuz”un üçüncü qolunu vurub.

Görüşün 90+7-ci dəqiqəsində isə “Qəbələ” rəqibin futbolçusu Roderik Millerin avtoqolu ilə fərqi minimuma endirib.

Bununla da turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Turan Tovuz” xallarının sayını 48-ə çatdırıb. “Qəbələ” 16 xalla 11-ci sıradadır.

Qeyd edək ki, turun digər oyunlarında “Araz-Naxçıvan” səfərdə “Şamaxı”nı, “Zirə” “Karvan-Yevlax”ı, “Kəpəz” isə evdə “Qarabağ”ı eyni - 1:0 hesabı ilə məğlub edib. Lider “Sabah” “Sumqayıt”ı 3:1, “Neftçi” isə “İmişli”ni 6:0 hesabı ilə üstələyib.

09:00

Bu gün futbol üzrə Misli Premyer Liqasının 25-ci turunun oyunu “Turan Tovuz” “Qəbələ” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 16:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Kamal Umudlu idarə edəcək.

“Turan Tovuz” 45 xalla turnir cədvəlinin üçüncüdür. 16 xala malik “Qəbələ” isə on birincidir.

Misli Premyer Liqası
Üçüncü Dövrə, 25-ci tur

21 mart
16:00. “Turan Tovuz” - “Qəbələ”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Akif Əmirəli, Elçin Məsiyev.
VAR: Əliyar Ağayev.
AVAR: Nicat İsmayıllı.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

İdman.Biz