Türkiyənin “Qalatasaray” futbol komandasının nigeriyalı ulduzu Viktor Osimhen Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la keçirilən ilk oyundan (1:0) öncə duyğulu anlar yaşayıb. “Sarı-qırmızılı” azarkeşlər futbolçunun rəhmətə gedən anasının xatirəsinə möhtəşəm azarkeş xoreoqrafiyası nümayiş etdiriblər.
İdman.Biz xəbər verir ki, stadionunda açılan nəhəng bannerdə Osimhenin özü, qızı və anasının təsviri yer alıb. Xoreoqrafiyanın üzərində isə ingiliscə “Biz ailəyik və ailə hər şeydir” sözləri yazılıb.
Oyunöncəsi isinmə hərəkətləri zamanı bu mənzərəni görən 27 yaşlı hücumçu göz yaşlarını saxlaya bilməyib. Matçdan sonra isə Osimhen və qızı meydana çıxaraq azarkeşlərə bu xüsusi diqqətə görə minnətdarlıqlarını bildiriblər. Hər ikisinin Osimhenin simvolik maskasında olması diqqətdən yayınmayıb.
Qeyd edək ki, Viktor Osimhen matçda yeganə qolun assistini edərək komandasının 1:0 hesablı qələbəsində böyük rol oynayıb. Cavab qarşılaşması martın 18-də "Enfild" stadionunda keçiriləcək.
