“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının 23-cü tur matçından sonra maraqlı açıqlaması ilə diqqət çəkib.
54 yaşlı mütəxəssis mətbuat konfransına gecikməsinə səbəb kimi orta məktəbdə ona riyaziyyatdan dərs demiş Gülnaz müəllimə ilə 30 ildən sonra görüşməsini göstərib.
sportnet.az Gülnaz Hacıyevadan müsahibə alıb.
- Qurban Qurbanov necə şagird olub?
- Çox gözəl, intizamlı, layiqli, təmkinli, təvazökar, məsuliyyətli, ağıllı şagird olub. O, məktəbin sevilən şagirdi, mən isə onun sevilən müəlliməsi olmuşam. Qurban Qurbanov əvvəlcə Aşağı Tala kənd 5 saylı orta məktəbdə təhsil alıb. Həmin məktəb natamam (o vaxtlar 8 illik, indi isə 9 illik - red.) olduğundan, təhsilini 3 saylı tam orta məktəbdə başa vurub. IX və X siniflərdə (indiki X və XI siniflərdə) riyaziyyat fənnini - cəbr və həndəsəni ona mən demişəm.
- Onun bu cür çətin fənlərə marağı hansı səviyyədə idi?
- Qurban riyaziyyatı sevirdi. Halbuki, bu fənni hər insan öyrənə bilmir. Lakin onun gözəl həndəsi biliyi var idi. Eyni zamanda futbolçu kimi yarışlara da gedirdi. Bir dəfə həndəsi fiqur düzəltməyi tapşırmışdım. Yağışlı gün idi, amma o, hazırladığı piramidanı paketdə gətirərək, mənə təqdim etdi və yarışa getdi. Bax, bu qədər intizamlı şagird idi Qurban.
- Cəmi iki il birlikdə olduğunuz halda, necə alındı ki, Qurban Qurbanov sizin üçün sevimli şagirdə çevrildi?
- Qurban yuxarı siniflərdə sinif yoldaşları, məktəblilər arasında seçilən şagird idi. İndiki kimi intizamı və təvazökarlığı ilə fərqlənirdi. Bütün yarışlara gedirdi. Amma elə bir dərs olmazdı ki, yayınsın və gəlib qarşımda oturmasın.
- Qurban Qurbanovla uzun illərdən sonra görüşünüz necə alındı?
- Biz sonradan ailəliklə Bakıya köçmüşük və hazırda paytaxtda yaşayırıq. Özüm “Qarabağ”ın bir çox oyununu stadiondan izləmişəm. Amma bu müddətdə heç vaxt Qurbanla görüşməmişdik. Martın 8-də isə uzun illərdən sonra təsadüfən görüşdük. Biz ailəliklə Qurbanı sevirik. O da müəlliməsinin stadionda olduğunu bildi. Özünə xəbər çatdıqda oyundan sonra görüşdük. Halbuki mətbuat konfransına getməli idi. Bu səbəbdən, görüşümüz tələsik oldu və birlikdə şəkil çəkdirə bilmədik. Əvvəllər “Qarabağ”ın oyunlarında dəfələrlə olsam da, bunu özünə bildirməmişəm. Bu dəfə bildikdə mətbuat konfransını gecikdirərək, mənimlə görüşməyə qərar verdi.
- Ailənizdə futbola maraq hansı səviyyədədir?
- Oğlum vaxtilə futbolçu olub, Qurban Qurbanovun ilk məşqçisi Şaban Şirdanovun rəhbərliyi altında çıxış edib. Hətta tətillər vaxtı Qurbanla da oynayıb. Düzdür, futbolla bağlı arzuları ürəyində qalıb, amma bir azarkeş kimi futbola sevgimiz var. Bir dəfə Qurban Qurbanovun futbolçu kimi vida matçına gəlmişdik. Özümüzlə böyük gül dəstəsi də gətirmişdik. Gül dəstəsini özünə çatdırılması üçün göndərdim. Özüm oyunlarında çox olmuşam, amma stadionda olduğumu deməmişəm. İllərdir stadionlarda oyunlarını izləyirəm. Qardaşları Musa və Maarifi də çox yaxşı tanıyıram. Biz Qurbanı çox istəyir, onunla fəxr edirik.
