Qadın futbolçular arasında keçirilən Asiya Kubokunda iştirak edən İran millisinin üzvləri vətənlərində baş verən hərbi münaqişə səbəbindən çətin günlər keçirirlər.
İdman.Biz “Reuters” agentliyinə istinadla xəbər verir ki, ABŞ və İsrailin İrana hava zərbələri endirməsindən sonra yaranan gərginlik futbolçuların psixoloji durumuna təsir edib. İran millisinin hücumçusu Sara Didar jurnalistlərin suallarını cavablandırarkən göz yaşlarını saxlaya bilməyib. O, ailələri və yaxınları üçün narahat olduqlarını, lakin ölkəsi üçün yaxşı xəbərlər eşitməyə ümid etdiyini bildirib.
Komandanın baş məşqçisi Mərziyə Cəfəri isə bildirib ki, futbolçular ailələri üçün narahat olsalar da, diqqətlərini turnirə yönəltməyə çalışırlar. O, “müharibəni kimsə sevmir, lakin biz bura peşəkar futbol oynamağa gəlmişik” deyərək, Avstraliyadakı iranlı azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb.
Qeyd edək ki, qrupdakı ilk oyununda Cənubi Koreyaya 0:3 hesabı ilə uduzan İran yığması martın 5-də ev sahibi Avstraliya ilə qarşılaşacaq.
