“Neftçi”nin baş icraçı direktoru: “Əvəzedici komandaların taleyi AFFA-ya bağlıdır” - MÜSAHİBƏ + FOTO

3 Mart 2026 13:06
114
“Neftçi”nin baş icraçı direktoru: “Əvəzedici komandaların taleyi AFFA-ya bağlıdır” - MÜSAHİBƏ + FOTO

“Neftçi” həmişə çempionatın iddialı komandasıdır, amma rəqiblərə hörmətlə yanaşmalıyıq”.

Bunu “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer futbolpress.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Necə oldu bu vəzifəyə gəlməyiniz?

– “Beşiktaş”da işlədiyim vaxtdan tanışlıq var idi. Azərbaycana gələcəyim ağlımda yox idi. Bir neçə dəfə danışdıq. Klubun Müşahidə Şurasındakı insanların plan və ideyalarını eşitdim, həyəcanlandım. Marketinq, idarəetmə və akademiya təcrübəm vardı, amma bu ölkəyə gəlib vəzifəni şərəflə qəbul etdim.

– “Beşiktaş” da ağ-qara, “Neftçi” də…

– (Gülümsəyərək) Uşaqlıqdan “Beşiktaş” azarkeşiyəm. “Neftçi”nin rənglərinin ağ-qara olması məni cəlb etdi. Hər iki klub xalqın komandasıdır.

– Qarşınıza hansı hədəf qoyuldu?

– İnfrastrukturun yenilənməsi, akademiyalarda işlərin görülməsi vacib idi. Bazamızın istifadəyə verilməsi üçün ciddi addımlar atdıq: birinci mərtəbə futbol komandası üçün, ikinci mərtəbə idarəçilər və texniki heyət üçün, üçüncü mərtəbə isə hotel kimi fəaliyyət göstərir. Dördüncü mərtəbəyə də hotel qurmaq istəyirik. Əvəzedici komandaların taleyi AFFA qərarına bağlıdır.

– Uzun müddət davam edən qara zolağı ağ zolaqla əvəzləmək nə zaman mümkün olacaq?

– İşıq var. Mövsümün əvvəlindən planlarımız buna görə quruldu. Bəzi oyunlarda qələbəyə çox yaxın idik. Ruh dəyişikliyi ilə komandada dominantlıq və təzyiqli oyun bərqərar oldu. Yay planlarını da qururuq, avrokuboklara vəsiqə qazanmaq hədəfimizdir.

– Media qarşısında çempionluq iddialarına ehtiyatlı yanaşmanız birmənalı qarşılanmamışdı…

– “Neftçi” həmişə çempionatın iddialı komandasıdır, amma rəqiblərə hörmətlə yanaşmalıyıq. Hədəfimiz final oynamaqdır, amma hazırlıq olmadan nəticə əldə etmək mümkün deyil.

– Samir Abasovla ayrılıq necə oldu?

– Səmimi söhbətimiz oldu, problem yaşanmadı. Komandanı çempion etmək üçün istədiyi heyəti verdik. Alınmadı və yollarımızı ayırdıq. Müqavilədə göstərilən qaydada hər şey həll olundu. Samir “Neftçi”nin uğurunu uzaqdan da olsa izləyir.

– Niyə Yuri Vernidub?

– Namizədlər çox idi. Biz “iştahlı futbol” oynadan, dominant komandaya üstünlük verən məşqçi axtarırdıq. Vernidub bu kriteriyalara uyğundur və günün 13–14 saatını komandaya həsr edir.

– Vensan Abubakar klubun simasına çevrildi…

– Onun “Beşiktaş” transferində də rolum olmuşdu. Burda da fərq yaradacağını bilirdim. İki qol vurdu, işinə və komanda yoldaşlarına hörmət edir, əlavə məşqlər edir. Gənc oyunçular üçün yaxşı örnəkdir. Belçikadan akademiyaya gətirdiyimiz Mamadi Diavara da onun təsirindən ilhamlanır.

– Hakim səhvləri və AFFA ilə münasibət…

– Hakim səhvləri futbolun tərkib hissəsidir. Vacib olan, səhvləri səbirlə həll etməkdir. AFFA ilə sıx ünsiyyətimiz var, təcrübəli insanlar işləyir, Azərbaycan futbolunun səviyyəsini artırmaq istəyirlər.

– Akademiya məsələsi…

– Hazırda 4 açıq və 1 qapalı meydançamız var, lakin yetərli deyil. Yeni akademiya modeli üçün əlavə meydançalar lazımdır. İki yer üzrə müzakirələr davam edir. Məqsədimiz uşaqların idman və təhsil baxımından yaxşı şəraitdə olmalarıdır. Elxan Abdullayev akademiyanın koordinatorudur, Sənan Qurbanov işinə davam edir, Atilla Küçüktaka və Fuad Əsədov kimi təcrübəli qapıçı məşqçilərimiz var.

– Ümumilikdə, “Neftçi”ni necə görürsünüz?

– “Neftçi” böyük klubdur, davamlı yüksəliş içindəyik. Əsas məqsədimiz – düzgün qərarlar verərək, akademiya və A komanda baxımından davamlı inkişafı təmin etməkdir.

İdman.Biz