İspaniyanın “Real Madrid” futbol klubunun baş məşqçisi Alvaro Arbeloa İspaniya çempionatında komandasının “Xetafe”yə 0:1 hesabı ilə uduzduğu oyunu şərh edib.
İdman.Biz-in İspaniya KİV-ə istinadən verdiyi məlumata görə, mütəxəssis hakimliyin səviyyəsindən narazılığını ifadə edib və taktiki səhvlərə görə məsuliyyəti öz üzərinə götürüb.
O bildirib ki, baş hakim Munyis Ruis rəqibə oyunu davamlı fasilələr silsiləsinə çevirməyə imkan verib və bu da madridlilərin hücum tempini tamamilə pozub. Arbeloa əlavə edib ki, “Real Madrid” xal fərqinin artmasına baxmayaraq, çempionluq mübarizəsini davam etdirəcək.
“Bu nəticəyə görə bütün məsuliyyət mənim üzərimdədir. Hansı tip oyunla qarşılaşacağımızı bilirdik, amma hakim futbolun başqa məcraya yönəlməsinə şərait yaratdı. Mən “Xetafe”ni tənqid etmirəm - onlara nə icazə verilirdisə, onu etdilər. Kifayət qədər qol vəziyyəti yaratdıq, lakin reallaşdırmada problem yaşadıq. Mastantuononun qırmızı vərəqə alması bu səviyyədə baş verməməli idi, bu, qəbuledilməzdir. Amma bu, “Real Madrid”dir, burada heç kim təslim olmur. Qarşıda 36 xal var və məqsədimiz onların hamısını qazanmaqdır”, – deyə Arbeloa matçdan sonrakı mətbuat konfransında bildirib.
Qeyd edək ki, Alvaro Arbeloa 2026-cı ilin yanvarında “Real Madrid”in əsas komandasının baş məşqçisi təyin olunub və bu postda Xabi Alonsonu əvəzləyib.
