“Qalatasaray” Turində tarix yazmağa hazırlaşır - İDMAN.BİZ-in ŞƏRHİ

25 Fevral 2026 10:32
116
“Qalatasaray” Turində tarix yazmağa hazırlaşır - İDMAN.BİZ-in ŞƏRHİ

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində bu axşam Azərbaycan futbol azarkeşlərinin diqqəti xüsusi olaraq Turindəki “Alyans” stadionuna dikiləcək.

İdman.Biz-in məlumatına görə, Türkiyə təmsilçisi “Qalatasaray” İtaliya nəhəngi “Yuventus”un qonağı olacaq. İstanbuldakı ilk görüşdə əldə edilən gözlənilməz və sarsıdıcı 5-2 hesablı qələbə “Sarı-qırmızılılar” üçün növbəti mərhələnin qapısını axıra qədər açıb. Bu möhtəşəm üstünlük Okan Burukun yetirmələrinə İtaliyada daha rahat və strateji oyun qurmaq imkanı yaradır.

Hazırkı mənzərə tamamilə Türkiyə klubunun xeyrinədir. “Qalatasaray” İtaliyada iki topluq məğlubiyyət yaşasa belə, ümumi hesabda üstünlüyünü qoruyaraq adını növbəti mərhələyə yazdıra biləcək. Komandanın hücum xəttindəki effektivliyi, xüsusilə Viktor Osimhen və Noa Lanqın parlaq forması rəqib müdafiəçilər üçün ciddi kabus vəd edir. “Sarı-qırmızılılar” daxili çempionatda son turda “Konyaspor”a uduzaraq azarkeşlərini məyus etsələr də, Avropa arenasında tamamilə fərqli, daha aqressiv və motivasiyalı futbol nümayiş etdirirlər. Heyətdəki təcrübəli simaların bu cür kritik məqamlarda soyuqqanlığını qoruması komandanın ən böyük silahıdır.

“Yuventus” düşərgəsində isə vəziyyət getdikcə daha da gərginləşir. Komandada zədəli və cəzalı oyunçular var. Dusan Vlahoviç komandanın əsas hücumçusudur, amma adduktor zədəsi (budun daxili əzələsinin zədəsi) səbəbindən uzun müddətdir sıradan çıxıb və onun martın əvvəlindən tez qayıtması gözlənilmir. Arkadiuş Milik də baldır zədəsi səbəbindən Turin klubuna kömək edə bilməyəcək. Xuan Kabal və Andrea Kambiaso ilk oyunda qırmızı və sarı kart alaraq cəzalı duruma düşdükləri üçün cavab matçını kənardan izləyəcəklər. Qleyson Bremer isə bud nahiyəsindən zədəsi olsa da, son məlumatlara görə, rəhbərlik və tibbi heyət onu bu kritik oyun üçün heyətə daxil etməyə çalışır. Kənan Yıldızın isə əzələ problemi üzündən iştirakı hələ də sual altındadır. Qeyd edək ki, ötən oyundakı məğlubiyyətin baiskarlarından biri kimi İtaliya mediası məhz türk hücumçunu göstərmişdilər.

Qısası, Turin təmsilçisi dərin böhranın içindədir və bu, həm oyun üslubunda, həm də nəticələrdə özünü büruzə verir. İstanbuldakı darmadağından sonra İtaliya A Seriyasında evdə “Komo”ya da məğlub olan (0:2) “Qoca Sinyora” son beş rəsmi matçda bir heç-heçə və iki məğlubiyyətə razılaşıb. Dusan Vlahoviçin qol yollarında susqunluğu və müdafiə xəttindəki koordinasiya çatışmazlığı baş məşqçinin planlarını alt-üst edir. Azarkeşləri önündə möcüzə reallaşdırmaq istəyən italyanlar ilk dəqiqələrdən böyük risklər alaraq irəli atılmağa, erkən qol tapmağa məcburdurlar.

Lakin məhz bu məcburi hücum planı “Qalatasaray”ın əl-qolunu açır. Rəqibin arxada buraxacağı geniş boşluqlar İstanbul təmsilçisinin sürətli əks-hücumları üçün ideal şərait yaradır. Orta sahədəki pressinq və keçid oyunundakı sürət sayəsində türklər Turində nəinki müdafiə olunmaq, həm də rəqibi əks-hücumlarda cəzalandırmaq niyyətində olacaqlar. İntizamlı oyun və taktiki hazırlıq fonunda “Qalatasaray”ın bu çətin sınaqdan alnıaçıq çıxaraq Avropada yoluna davam etməsi ən real ssenari hesab olunur.

İdman.Biz