Anatoli Nuriyev: “Baş məşqçi şans vermirdi, mən nə edə bilərəm”

15 Fevral 2026 13:31
86
Anatoli Nuriyev: “Baş məşqçi şans vermirdi, mən nə edə bilərəm”

"Zirə" klubunun futbolçusu Anatoli Nuriyev Misli Premyer Liqasının 20-ci turunda "Karvan-Yevlax" üzərində qazanılan qələbədən sonra danışıb.

İdman.Biz xəbər verir ki, yarımmüdafiəçi sport24.az-a açıqlamasında müəyyən fasilədən sonra ilk dəfə meydana çıxdığını bildirib. O, sonuncu dəfə ötən ilin noyabrında milli komandada oynadığını vurğulayıb və zamanla formasını bərpa edəcəyinə inandığını deyib. Futbolçu mövsümün sonuna hələ üç ay qaldığını da xatırladıb.

Nuriyev "Zirə"yə keçidinin təklif əsasında baş tutduğunu, danışıqlardan sonra razılıq əldə etdiklərini söyləyib. Onun sözlərinə görə, daim oynamaq istəyir və uzun müddət ehtiyatda qalmaq həm futbolçu, həm də psixoloji baxımdan çətindir. Bu səbəbdən klubunu dəyişmək qərarı verib.

O, baş məşqçi Rəşad Sadıqovun dediyi kimi, keçidi üçün "Sabah"a müraciət olunduğunu təsdiqləyib. Nuriyev hələ dekabrda ayrılmaq istədiyini, lakin əvvəlcə buna icazə verilmədiyini, daha sonra isə klubun güzəştə getdiyini qeyd edib.

Futbolçuya başqa təkliflərin də gəldiyini bildirən yarımmüdafiəçi indi bunun əhəmiyyət daşımadığını vurğulayıb. O, əsas məqsədinin məşqlərdə özünü göstərmək və oynamaq şansı qazanmaq olduğunu deyib.

"Səbəb nə oldu ki, ehtiyat oyunçusuna çevrildin?" sualına cavab verən Nuriyev komandanın yaxşı formada olduğunu, mövqeyində rəqabətin böyük sayıldığını bildirib. Baş məşqçinin şans vermədiyini, lakin seçimlərinə hörmətlə yanaşdığını deyən futbolçu futbolda belə halların normal olduğunu qeyd edib.

O, "Sabah" çempion olacağı halda peşman olmayacağını da əlavə edib. Üç il yarım həmin klubda çıxış etdiyini xatırladan yarımmüdafiəçi keçmiş komandası üçün yalnız sevinəcəyini bildirib və "Zirə"də karyerasının uğurlu alınacağına ümid etdiyini deyib.

İdman.Biz