Hazırda Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlı futzal mütəxəssisi Elnur Qəmbərov millinin hücumçusu Nəriman Axundzadənin ABŞ-nin “Kolambus Kryu” klubuna transferini yüksək qiymətləndirib.
Məşqçi bu keçidin həm futbolçu, həm də ölkə idmanı üçün əhəmiyyətli olduğunu vurğulayıb.
“Nərimanın MLS-ə gəlməsini hər birimiz üçün böyük uğur hesab edirəm. Burada dünya səviyyəli ulduzlar çıxış edir və onun belə bir mühitdə olması Azərbaycan futbolunun tanınması baxımından çox vacibdir. Bəzi azarkeşlərin bu transferə mənfi yanaşmalarını, buranı aşağı səviyyəli liqa hesab etmələrini başa düşmürəm. Burada klubların büdcəsi kifayət qədər yüksəkdir və qiyməti 4, 5, 6, hətta 8 milyon dollar olan futbolçular çıxış edir. Vaxtilə Zlatan İbrahimoviç də MLS-də oynayıb. Hazırda çempionatda Messi kimi futbolçu çıxış edir. Həmçinin bir çox tanınmış futbolçular MLS-ə gəlib, sonra yenidən Avropanın nəhəng klublarında oynayıblar” , - deyə o, report.az-a açıqlamasında deyib.
E.Qəmbərov futbolçunun gələcək perspektivinə inandığını qeyd edib:
“Nəriman gənc və istedadlı oyunçudur, onun parlaq gələcəyi var. “Braqa” ilə matçdakı hərəkətləri və vurduğu qol hələ də yaddaşlardadır. İnşallah, gəlib burada da özünü göstərər. “Toronto” ilə oyuna gələndə şəxsən gedib Azərbaycan bayrağı ilə ona dəstək olacağam”.
Qeyd edək ki, Nəriman Axundzadənin “Kolambus Kryu” ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
