İPL: “Arılar” çempionluq yarışının liderini “sancmağa” çalışacaq – İDMAN.BİZ-in İCMALI

12 Fevral 2026 17:47
101
İPL: “Arılar” çempionluq yarışının liderini “sancmağa” çalışacaq – İDMAN.BİZ-in İCMALI

Bu gün, fevralın 12-də İngiltərə Premyer Liqasında(İPL) 26-cı tura “Brentford” - “Arsenal” matçı ilə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, London derbisi "Gtech Community Stadium"da keçiriləcək və Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

“Arsenal” səfərə çempionatın lideri kimi yollanır. “Mançester Siti”nin “Fulhem” üzərində qələbəsindən sonra “topçular”ın üstünlüyü üç xala enib, lakin Mikel Artetanın komandası ehtiyatda olan oyunu məhz bu gün keçirəcək. Meydan sahibləri üçün də qarşılaşma böyük əhəmiyyət daşıyır: “Brentford” yeddinci pillədə qərarlaşıb və avrokubok zonasına iddiasını davam etdirir. “Arılar” son doqquz liqa oyununda altı qələbə qazanıb və bu göstəricidə yalnız “Arsenal”dan geri qalır. İlk dövrədə “topçular” rəqibini 2:0 hesabı ilə məğlub edib.

Kit Endryusun komandası matça ardıcıl iki səfər qələbəsi – “Aston Villa” (1:0) və “Nyukasl” (3:2) üzərindəki uğurlardan sonra çıxacaq. Həmin görüşlərdə həlledici qolları Danqo Uattara vurub. Bununla belə, heyətlə bağlı problemlər qalmaqdadır: Kevin Şade diskvalifikasiyadadır, “Arsenal”dan icarəyə götürülən Riss Nelson oynaya bilməyəcək, Coş Dasilva heyətdən kənardadır, Fabio Karvalyo və Antoni Milambo isə çarpaz bağ zədəsinə görə uzun müddətə sıradan çıxıblar. Digər itkilər ciddi sayılmır və start heyətinə ciddi təsir göstərməməlidir.

“Arsenal” bütün turnirlərdə ardıcıl dörd qələbə ilə inamlı seriya yaxalayıb. Lakin “Mançester Siti” ilə gərgin mübarizə hər xalın əhəmiyyətini artırır. Bukayo Saka və Martin Edeqorun durumuna son anda qərar veriləcək, Leandro Trossarın iştirakı sual altındadır, Kay Haverts isə əzələ zədəsi səbəbindən matçı buraxa bilər. Oyundan öncə Artetanın “Tottenhem”dən ayrılan Tomas Franka açıq dəstəyi də diqqət çəkib.

Oyun üslubu baxımından qarşılaşma maraqlı görünür. “Brentford” sürətli əks-hücumlarla seçilir və bu komponentdə liqanın ən effektiv komandalarındandır, “Arsenal” isə belə epizodlardan cəmi bir qol buraxıb və ümumilikdə çempionatın ən yaxşı müdafiəsinə malikdir – 17 buraxılan top. Standart vəziyyətlər də önəmli rol oynaya bilər: “topçular” bu epizodlardan ən çox qol vuran komandadır, meydan sahibləri isə rəqiblərinə az imkan yaradır. Bu səbəbdən daha qapalı və taktiki mübarizə şəraitində keçəcək oyun gözlənilir.

İdman.Biz