“Yorğunluq yaranır. Hər üç gündən bir oynamaq elə də asan deyil”.
“Qarabağ”ın futbolçusu Toral Bayramov çətin qrafikdən şikayətlənib.
“Yorğunluq yaranır. Hər üç gündən bir oynamaq elə də asan deyil. Üç cəbhədə mübarizə aparırıq: Premyer Liqa, kubok və Çempionlar Liqası. Hər üç turnirdə yaxşı oyun göstərərək layiqincə təmsil olunmağa çalışırıq”, - deyə o, futbolinfo.az-a açıqlamasında bildirib.
Müdafiəçi “Neftçi” ilə oyunun qarşı tərəfin razılıq verməməsi üzündən təxirə salınmamasına münasibət bildirməyib. Amma həmin matçın prinsipial keçəcəyinə əmindir:
“Neftçi” ilə oyun derbi sayılır. Hər zaman onlara qarşı oyunlarımız maraqlı keçib. Düşünürəm ki, növbəti oyun da maraqlı oyunlardan biri olacaq”.
Toral Bayramov daha bir solcinah müdafiəçisi Jeremi Qnalinin transferindən sonra komandadan ayrılmaq ehtimalının yaranmasına şərh verməyib:
“Bu suala cavab vermək istəmirəm. Gələcəkdə nə olacaqsa, hər kəs görəcək. “Qarabağ”ın futbolçusuyam, buranın uğurları üçün çalışıram. İndiki halda başqa yer haqqında düşünmürəm. Gələcəkdə nə olar, onu Allah bilir”.
