“Bir məğlubiyyət “Qarabağ”ın uğuruna kölgə sala bilməz”.
Bu sözləri Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Elxan Abdullayev Ağdam klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin soununcu – səkkizinci turunda İngiltərənin “Liverpul” komandasına məğlub olduğu oyun barədə danışarkən deyib.
O, Qurban Qurbanovun komandasının Avropadakı nəticəsinə görə qürur duyduğunu bildirib.
“Heç kim komadanın “Liverpul”a məğlubiyyətini qabarda bilməz. Nəticəmiz möhtəşəmdir. Bura gəlmək böyük güc tələb edir. Azərbaycan futbolu adına yeni tarix yazıldı. Bütün komandaya təşəkkür edirəm”, - deyə o, AZƏRTAC-a açıqlamasında deyib.
Mütəxəssis Ağdam klubunun pley-off mərhələsindəki potensial rəqibləri barədə də danışıb:
“PSJ və “Nyukasl” nüfuzlu komandalardır. İnanın ki, bundan sonra alınacaq məğlubiyyət mənə təsir etməyəcək. Çünki “Qarabağ” böyük tarix yazıb və hər kəsi xoşbəxt edib. Bizim üçün gələcək rəqibin də fərqi yoxdur. Mənə görə, Azərbaycan çempionu nəticədən asılı olmayaraq, missiyasını uğurla tamamlayacaq”.
Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi yanvarın 30-da keçiriləcək püşkatma mərasimində bəlli olacaq.
