Azərbaycanın futbol klubları üçün arzuolunmaz xəbər: UEFA dəyişiklik etdi – İDMAN.BİZ-in İCMALI

Təhlil
24 Yanvar 2026 13:20
96
Azərbaycanın futbol klubları üçün arzuolunmaz xəbər: UEFA dəyişiklik etdi – İDMAN.BİZ-in İCMALI

Avropa Futbol Assosiasiyalarının İttifaqı(UEFA) 2026/2027 mövsümündə milli assosiasiyaların klublarının avrokuboklarda hansı mərhələdən mübarizəyə başlayacağını əks etdirən siyahını təqdim edib.

İdman.Biz xəbər verir ki, yenilənmiş məlumatlara əsasən Azərbaycan yaxın keçmişdə yerli klublara avrokuboklarda daha asan mərhələlərdən start verməyə imkan yaradan üstünlüklərdən birini itirib.

Dəyişikliklərin səbəbi UEFA əmsallar cədvəlində ölkənin mövqeyi ilə bağlıdır. Bu reytinq son beş mövsüm ərzində klubların avrokuboklardakı çıxış göstəriciləri əsasında formalaşdırılır.

2020/2021–2024/2025 mövsümləri üzrə dövrün yekununda Azərbaycan 19,625 xalla 30-cu pillədə qərarlaşıb. Məhz bu mövqe bir il sonra klubların avrokuboklarda hansı mərhələdən start götürəcəyinə birbaşa təsir göstərir. Paylanma sistemi ənənəvi olaraq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasındakı nəticələrə əsaslanır və ümumi eniş dərhal başlanğıc şərtlərində əks olunur.

İlkin bölgüyə əsasən, 2026/2027 mövsümündə Azərbaycanın çempionu Çempionlar Liqasının təsnifat mərhələsinə birinci raunddan başlayacaq. “Qarabağ”ın çempion olması halında isə ağdamlı klubun yüksək fərdi reytinqi sayəsində mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulması mümkün olacaq.

Ölkə kubokunun qalibi də Avropa Liqasına birinci təsnifat mərhələsindən start verəcək. Konfrans Liqasında isə vəziyyət daha mürəkkəb görünür. Belə ki, Azərbaycanın iki təmsilçisi turnirə fərqli mərhələlərdən başlayacaq. Çempionatın ikinci komandası ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq, üçüncü yerin sahibi isə yoluna birinci mərhələdən start verməli olacaq. Bu isə yay mövsümünün əvvəlində əlavə maneə və daha bir “ya hamısı, ya heç nə” raundu deməkdir.

Hansı komandanın daha əlverişsiz mövqedə qalacağı çempionat və ölkə kubokunun yekun nəticələrindən asılı olacaq. Əgər kuboku Premyer Liqanın ilk üçlüyündə yer alan klub qazanarsa, avrokuboklar üzrə bölgü dəyişəcək və turnirə yollanmaq üçün daha bir komanda şans əldə edəcək. Hazırda çempionatda mübarizə kifayət qədər gərgindir: “Sabah” 37 xalla liderdir, onun ardınca 36 xalla “Qarabağ”, daha sonra isə 29 xalla “Zirə” və 27 xalla “Turan Tovuz” gəlir.

Qeyd edək ki, Konfrans Liqasındakı hazırkı geriləmə müvəqqəti xarakter daşıyır. Cari mövsüm ərzində Azərbaycan UEFA əmsallarında xeyli irəliləyiş edib. “Qarabağ”ın “Ayntraxt” üzərində qələbəsi ölkəyə reytinqdə 27-ci yerə yüksəlməyə imkan verib və ümumi göstərici 22,750 xala çatıb. Bu tendensiya davam edərsə, növbəti avromövsümlərdə Azərbaycan klublarının start mövqeləri yenidən daha əlverişli ola bilər.

İdman.Biz