Son illər Mərakeşdə keçirilən beynəlxalq futbol oyunları ətrafında diqqətçəkən və narahatedici hadisələr ardıcıl şəkildə xatırlanır. Müxtəlif Afrika yığmaları fərqli illərdə oxşar ssenari ilə üzləşdiklərini açıqlayıblar.
İdman.Biz xəbər verir ki, 2018-ci ildə Qabon millisinin futbolçuları Mərakeşlə oyun öncəsi portağal şirəsi içdikdən sonra qida zəhərlənməsi əlamətləri yaşadıqlarını bildirmişdilər. Hadisə həmin dövrdə ciddi rezonans doğurmuşdu.
2021-ci ildə isə bu dəfə Qvineya-Bisau Futbol Federasiyası eyni ölkədə baş verən oxşar qida zəhərlənməsi hadisəsinə görə kəskin narazılıq ifadə etmişdi. Federasiya rəsmiləri futbolçuların oyun öncəsi sağlamlıq problemləri yaşadığını açıqlamışdı.
Məlumatlara görə, həmin qarşılaşmalar öncəsi bir neçə futbolçu ağır ishaldan əziyyət çəkib, bəziləri isə xəstəxanaya yerləşdirilərək təcili tibbi yardım alıb. Oyunlara cəmi bir neçə saat qalmış baş verən bu hallar ciddi suallar doğurmuşdu.
Ən son oxşar hadisə isə 2026-cı ildə Afrika Millətlər Kubokunun finalı ərəfəsində yaşanıb. Seneqal yığması həlledici final matçına iki əsas futbolçusunu – Pape Matar Sarr və Krepin Diattanı qəfil xəstəlik səbəbindən çıxara bilməyib.
Bu hadisələr fonunda diqqətçəkən məqam ondan ibarətdir ki, Mərakeş 2030-cu ildə keçiriləcək futbol üzrə Dünya Çempionatının ev sahiblərindən biri olacaq. Ardıcıl oxşar insidentlərin yaşanması beynəlxalq futbol ictimaiyyətində sualların yenidən gündəmə gəlməsinə səbəb olub.
Hazırda bu hadisələrlə bağlı rəsmi istintaq və ya yekun nəticələr açıqlanmasa da, mövzu yenidən müzakirə predmetinə çevrilib.
